Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:49

REAL: '15-ə qədər partiya üzvü polisə çağrılıb'


Polis

«Bu gün mayın 31-nə 15-ə yaxın partiya üzvü polis bölmələrinə çağrılıblar və hadisələrin nə ilə sonuclanacağını izləməyə davam edəcəyik».

Bunu AzadlıqRadiosuna REAL Partiyasının təmsilçilərindən Natiq Cəfərli bildirib. O xatırladıb ki, mayın 29-da və 30-da partiyanın 4 fəalı polisin tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs edilib. Bir nəfər 25, qalan 3 nəfər isə 30 sutka cəza alıb.

N.Cəfərlinin deməsinə görə, mayın 30-da partiyanın bəzi fəallarına da xəbərdarlıq verilib:

«İlk dəfə idi ki, yeni nəsil, hər hansı siyasi şüar səsləndirmədən bayram şənliyi keçirirdi və görünür, bu, hakimiyyəti daha da əsəbiləşdirib. Belə ki, bu şənliyə çıxanlar siyasi şüar səsləndirməsələr də, potensial etiraz elektoratı idi. Hakimiyyət isə belə şeyləri ümumiyyətlə, qəbul etmək istəmir. Odur ki, indi preventiv zərbələr endirməklə gənclərin gözünü qorxutmaq istəyirlər».

N.Cəfərlinin bu açıqlamasına Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Ancaq bundan əvvəl istər dövlət başçısı İlham Əliyev, istərsə də başqa rəsmilər ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunduğunu bəyan ediblər.

Xatırlatma

Mayın 28-də Bakının mərkəzində 28 May - Respublika Günü münasibətilə REAL üzvlərinin iştirakı ilə yürüş keçirilib.

Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək, onun sona kimi davam etməsinə imkan verməyib.

Mayın 29-da Yasamal Rayon Məhkəməsində REAL Partiyası Ali Məclisinin üzvü Azər Qasımlıya 30 sutka həbs cəzası verilib. Polisə tabe olmamaqda günahlandırılan A.Qasımlı həbsini Respublika Günü şəhərin mərkəzində keçirilən yürüşlə izah etmişdi.

Mayın 30-da REAL Partiyası Ali Məclis üzvü Elmin Həmzəyə 25, Nizami Rayon Məhkəməsində Nəriman İsmayılova 30, Yasamal Rayon Məhkəməsində isə Ərəstun Baxışəliyevə də 30 sutka həbs cəzası verilib.

Onların hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə ittiham edilib. Söhbət polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqdan gedir.

Baş verənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG