Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:29

Cəbhəçilərin həbsindən apellyasiya şikayəti verilir


“Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mayın 25-də saxlanmış 3 funksioneri barəsində hələ də yaxınları ətraflı məlumat əldə edə bilməyiblər. Hələlik, vəkillərinin də onlarla görüş istəyi gerçəkləşməyib”

Bunu AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Partiyanın məlumatına görə, yaxınları 4 gün əvvəl, mayın 25-də saxlanmış Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənovun harda saxlanılması haqda da dəqiq rəsmi məlumat ala bilmirlər. Yaxınları onların, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandıqlarını düşünürlər.

Partiyadan verilən məlumata görə, bu gün, mayın 29-da yaxınları cəbhəçilər üçün geyim aparsalar da həmin idarədə onları qəbul etməyiblər. Onlara A.Məhərrəmov, R.Nəsirli və B.Həsənovun idarədə saxlanılmadığının deyildiyi qeyd edilir.

Partiyadan həmçinin bildiriblər ki, A.Məhərrəmov, R.Nəsirli və B.Həsənov barəsində məhkəməyə qədər 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qərarın Nəsimi Rayon Məhkəməsində çıxarıldığı deyilir.

AXCP fəallarını vəkillər Cavad Cavadlı, Fariz Namazlı və Aqil Layıc müdafiə edir. Vəkillərin cəbhəçilər barəsində seçilmiş həbs qətimkan tədbirindən Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəkləri gözlənilir.

AXCP-dən yayılan bu məlumata, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddilarda söhbət ümumilikdə 412 min dollardan gedir.

Onlar barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə cinayət işi açılıb.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti təzyiq dalğası olduğunu bildirib.

O deyib ki, dostu Saleh Rüstəmov ümumilikdə 5 min dollara qədər yardım edib. Həmin vəsait isə həbsdə olan fəalların müdafiəsinə sərf edilib.

Əli Kərimli bəyan edib ki, həbs edilən şəxslər heç bir cinayətə yol verməyiblər. O, qeyd edib ki, dünya mətbuatı, araşdırmaçı jurnalistlər hakimiyyət rəsmilərinin milyardlarla dollar qiymətləndirilən korrupsiya əməllərindən yazır, izahat tələb edir:

“Bunlar da “sən özünsən” səviyyəsində bizə cavab verirlər”.

XS
SM
MD
LG