Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:16

Gədəbəyin həbsdə olan keçmiş başçısından xəbər var


S.Rüstəmov

Bu gün, mayın 25-də Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovla qardaşı Valeh Rüstəmovun görüşdüyü bildirilir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev AzadlıqRadiosuna deyib ki, görüş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində gerçəkləşib. V.Rüstəmovun telefonuna zəng çatmadığından onun özündən görüşün detallarını soruşmaq mümkün olmayıb.

O.Gülalıyev vurğulayıb ki, ancaq keçmiş başçı ilə ailəsinin tutduğu vəkil Bəhruz Bayramovun görüşünə icazə verilməyib.

Hüquq müdafiəçisi deyib ki, V.Rüstəmov görüşdən çıxdıqdan sonra qardaşının salamat olduğunu, onda hər hansı işgəncə izi görmədiyini söyləyib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı S.Rüstəmov mayın 8-də saxlanıb. Ailəsi o vaxtdan keçmiş başçı ilə görüşə bilmirdi. Üstəlik, onun ailəsinin tutduğu vəkildən imtina etdiyi açıqlanmışdı.

Bundan sonra ailəsi keçmiş başçıya işgəncə verildiyini və təzyiq altında vəkildən imtina etdiyindən şübhələndiklərini açıqlamışdılar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə APA-ya bildirib ki, S.Rüstəmovla həm qardaşı və həm də vəkili görüşüb: «Özü bildirib ki, saxlanılma şəraiti ilə bağlı narahatlığı yoxdur, heç bir işgəncəyə məruz qalmayıb».

Ailəsi indi S.Rüstəmovla görüşdüyü bildirilən vəkilin dövlət tərəfdən tutulduğunu güman edir.

Xatırlatma

S.Rüstəmovun mayın 8-də Gədəbəydən Bakıya qayıdarkən Şəmkir postunda saxlandığı bildirilirdi. Qardaşı Taleh Rüstəmovun deməsinə görə, həmin vaxt o da hadisə yerində olub.

T.Rüstəmov deyib ki, qardaşını saxladıqdan sonra Şəmkir şəhərinə aparıblar. Onun bildirməsinə görə, sonradan öyrəniblər ki, qardaşı haqqında narkotik ittihamı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.

Sonradan isə onun qardaşı oğlu Vidadi Rüstəmovun da saxlandığı bildirilib.

S.Rüstəmov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (ACXP) keçmiş üzvü olub. 1992- 93-cü illərdə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy prezident olanda Gədəbəy rayonunda icra hakimiyyəti başçısı vəzifəsində çalışıb. S.Rüstəmovun o vaxt torpaqların müdafiəsində yaxından iştirak etdiyi söylənir.

Sonradan onun Rusiyada yaşadığı, həmin ölkənin vətəndaşı olduğu bildirilir. Qardaşının deməsinə görə, o, Azərbaycana bir neçə günlüyə gəlibmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG