Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:48

İpək ‘Quran’ hazırlanıb


Ramazan ayında Kabildə məsciddə "Quran" oxuyan əfqan oğlanlar
Ramazan ayında Kabildə məsciddə "Quran" oxuyan əfqan oğlanlar

Əfqanıstanda ipək materialdan nadir “Quran” hazırlanıb. Bu əsərin ölkənin əsrlərlə yaşı olan xəttatlıq (kalliqrafiya) ənənəsini qoruyub saxlayacağı güman edilir.

“Frans Pres” agentliyi yazır ki, müqəddəs kitabın 610 səhifəsi əllə hazırlanıb. Ağır zəhmət tələb edən işi iki ilə yaxın müddət ərzində miniatür sənəti üzrə ixtisaslaşmış 38 kalliqraf və rəssam həyata keçirib.

Cildi keçi dərisindən hazırlanmış “Quran”ın çəkisi 8,6 kiloqramdır. Müqəddəs kitabı Britaniyanın Kabildəki Turquoise Mountain fondunda təlim keçmiş əfqan sənətkarlar ərsəyə gətirib.

“Niyyətimiz xəttatlığın bu ölkədə ölmədiyini təmin etmək idi – yazı mədəniyyətimizin bir hissəsidir”, – 66 yaşlı xəttat Khwaja Qamaruddin Chishti agentliyə deyib.

“İncəsənətə qiymət qoya bilmərik. Allah bizə bu işi etibar edib… bu bizdən ötrü maliyyədən çox şey deməkdir”, – Chishti deyib.

“ÇOX NADİR ƏSƏRDİR”

Chishti və həmkarları iki gün ərzində “Quran”ın surələrini bir kağıza köçürüblər, səhv edəndə təzədən başlamalı olublar.

1890-cı ilə aid "Quran"
1890-cı ilə aid "Quran"

Onlar islamın yarandığı ilk dövrlərə aid nasx qrafikasından istifadə ediblər, çünki bu, oxumağa və yazmağa daha asandır. Yazının ətrafındakı dekorasiya daha çox vaxt alıb, hər səhifəni bitirməyə həftədən də çox vaxt sərf ediblər.

Sənətkarlar təbii materiallardan alınmış rənglərdən istifadə ediblər.

Britaniyanın Turquoise Mountain fondu Kabildə 2006-cı ildən işləyir, məqsədi qədim əfqan sənət növlərini, keramikanı, xalçaçılığı, kalliqrafiyanı qorumaqdır.

Fond ümid edir ki, ipək “Quran” əlyazma dini mətnlərinə tələb yaradacaq və bu da sənətkarları işlə təmin edəcək.

“Quranın ipək üzərinə köçürülməsi çox nadir hadisədir”, – fondun ölkə direktoru Nathan Stroupe “Frans Pres”ə deyib.

İndilik, bu müqəddəs kitab qoz ağacından hazırlanmış qutuda saxlanacaq.

“Əgər Səudiyyə şahzadəsi, yaxud Londonda kitab kolleksiyaçısı maraq göstərsə, 100 min – 200 min dollar arası qiymət haqda düşünə bilərik”, – Stroupe deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG