Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 11:56

Əfqan Sadıqov: 'Həbsim əsassız idi'


O.Gülalıyev və Ə.Sadıqov
O.Gülalıyev və Ə.Sadıqov

«Əlbəttə, həbsim əsassız idi, belə həbslərdə məqsəd bizim kimi şəxsləri susdurmaqdır».

Bunu mayın 23-də həbsdən azad olan Azel.tv saytının redaktoru Əfqan Sadıqov AzadlıqRadiosuna qısa müsahibəsində bildirib.

O, həbs həyatı ilə bağlı verilən suala da cavab verib.

«Əziyyətlərə gəlincə, ən böyük əziyyəti xalq çəkir. Bizim kimi şəxslərin çəkdikləri əziyyət xalqın çətinlikləri yanında heç nədir», - Ə.Sadıqov vurğulayıb.

Azel.tv saytının redaktoru azadlığa çıxıb

Bu gün, mayın 23-də həbsdə olan Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov azadlığa çıxıb.

Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat yayıb.

Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanmışdı. Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etmir, işi qurama sayırdı.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsində Ə.Sadıqov barəsində hökm oxunub. Məhkəmə onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib.

2017-ci ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. Ancaq 2017-ci ilin dekabrında ona qarşı diffamasiya haqqında cinayət iddiasını bərpa ediblər. İddianı Cəlilabad rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı Ə.Əzizovun qaldırdığı bildirilirdi. Bu dəfə o, rəhbərlik etdiyi saytda böhtan yayılmasında ittiham edilirdi. Redaktor bu ittihamı da qəbul etmirdi. Ancaq sonradan bu iddianın geri çəkildiyi açıqlandı.

Yerli hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı hazırladığı siyahıda onun adı da yer alırdı.

Ancaq rəsmilər ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilərin bildirməsinə görə, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG