İran prezidenti Hassan Rohani ABŞ-ın dövlət katibi Mike Pompeo-nu bəyanatlarını rədd edib. O, ABŞ prezidenti Donald Trump administrasiyasını “oğul Bush erasına qayıtmaqda, 2003-c ildəki bəyanatları təkrarlamaqda” suçlayıb.
“Bu cür bəyanatların dövrü keçib, İran xalqı bu bəyanatları yüz dəfələrlə eşidib və daha onlara fikir vermir”, – Rohani deyib.
Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini isə mayın 21-də Brüsseldə deyib ki, nüvə sazişinə “alternativ yoxdur”.
Onun deməsinə görə, Pompeo-nun çıxışı “nüvə sazişindən çıxmağın regionda nüvə silahlarının yayılması təhlükəsini necə azaltdığını” sərgiləməyib.
İsrailin baş naziri Benjamin Netanyahu və Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri Pompeo-nun İrana qarşı sərt mövqe tutmasını alqışlayıblar.
Almaniyanın xarici işlər naziri Heike Maas deyib ki, mayın 23-də Vaşinqtonda Pompeo ilə danışıqlar aparacaq və Trump administrasiyasının nüvə sazişinə dair mövqeyini müzakirə edəcək.
ŞƏRTLƏR
Bu arada Pentaqon ABŞ ordusunun “İranın regiondakı məkirli nüfuzunu önləməkdən ötrü gərəkən addımları atacağını” bildirib.
Pompeo-nun İran qarşısında qoyduğu tələblər sırasında uran zənginləşdirməyi dayandırmaq var. Nüvə sazişi buna sərt məhdudiyyətlə icazə verirdi.
Dövlət katibi deyib ki, İran nüvə müfəttişlərinin ölkədəki bütün obyektlərə çıxışına icazə verməlidir. İran həmçinin nüvə silahı yaradılmasını hədəfləyən öncəki cəhdlərini də açıqlamalıdır.
Birləşmiş Ştatlar İrandan Yəməndəki şiəməzhəb husi yaraqlılara dəstəyi kəsməli, Suriyadan “bütün qüvvələrini çıxarmalı”, Livanda Hizballah qruplaşmasına dəstəyi dayandırmalı, İsraili “hədələməyə” son verməlidir.
Pompeo deyib ki, İran bu ölkədə itkin düşmüş, yaxud “saxta ittihamlar”la saxlanmış “bütün ABŞ vətəndaşları”nı buraxmalıdır.
Dövlət katibi İrana Birləşmiş Ştatların mümkün güzəştlərini də təklif edib. Məsələn, İranla yeni razılaşma çərçivəsində ABŞ bütün sanksiyaları qaldıra, Tehranla diplomatik və kommersiya əlaqələrini bərpa edə, hətta iqtisadiyyatın modernləşməsini dəstəkləyə bilər.
***Buna da bax: Avropa Birliyi İranla nüvə sazişinə sadiq qalacağını bəyan edib
O, Trump-ın nüvə sazişindən çıxmaq qərarını müdafiə edib, onun “Amerika xalqının təhlükəsizliyini təmin edə bilmədiyini” deyib.
***
İran prezidenti Hassan Rohani ABŞ dövlət katibi Mike Pompeo-nun bəyanatına cavab olaraq deyib ki, Tehran Birləşmiş Ştatların onun yerinə qərarlar çıxarmasını qəbul etmir:
“Bu gün dünya Birləşmiş Ştatların onun əvəzinə qərarlar çıxarmasını qəbul etmir. Ölkələrin öz müstəqillikləri var. Siz kimsiniz ki, İranın və dünyanın yerinə qərar verirsiniz?”
Bundan əvvəl Vaşinqton İranı daha ağır sanksiyalarla hədələymişdi.
***
Pompeo: İrana ‘tarixən ən güclü sanksiyalar’ qoyulacaq
Vaşinqton İrana “tarixən ən güclü sanksiyalar tətbiq edəcək” və “rejim kursunu dəyişməsə, sanksiyalar getdikcə daha ağrılı olacaq”. Bunu ABŞ-ın dövlət katibi Mike Pompeo deyir.
***Buna da bax: İran Britaniya konsorsiumu ilə neft sazişi imzalayıb
O, çıxışında ABŞ-ın Tehranla yeni nüvə sazişinə razılaşması üçün İran qarşısında 12 şərt qoyub.
Pompeo-nun sözlərinə görə, saziş böyük mənfi nəticələr verən “uğursuz sənəd”ə çevrilib. O, 2015-ci ildə nüvə sazişi imzalanandan İranın “Yaxın Şərqdə daha da irəlilədiyini” vurğulayıb.
Dövlət katibi sanksiyaların İran üzərinə “misli görünməmiş maliyyə təzyiqi” qoyacağını qeyd edib, Tehranı dünyada terrorçuluğun aparıcı sponsoru adlandırıb.
Pompeo deyib ki, İran sanksiyalar altında “iqtisadiyyatını ayaqda saxlamaqdan ötrü savaşmalı” və iqtisadiyyatını saxlamağı, ya da terrorçuluğa sponsorluğu seçməli olacaq.
Onun deməsinə görə, öncəki sanksiyalar qaldırılandan sonra İran hökumətinin əldə etdiyi pul Livan, Suriya, İraq və Yəməndə silahlı qruplaşmalara xərclənib.
İran “böyük dəyişiklik” edərsə, Birləşmiş Ştatlar da bütün sanksiyaları qaldırar, Pompeo belə deyib.
Ancaq o, sanksiyaların nə vaxt qoyulacağını açıqlamayıb.
***
ABŞ-ın dövlət katibi Mike Pompeo mayın 21-də Birləşmiş Ştatların İranla bağlı strategiyasını açıqlayacaq. O, ötən ay bu posta gələndən ilk böyük çıxışını edəcək.
Pompeo-nun İranla yeni nüvə sazişinə nail olmaqdan ötrü “diplomatik yol xəritəsi” açıqlayacağı gözlənir. O, Vaşinqtondakı mühafizəkar Heritage Fondunda çıxış edəcək.
Dövlət Departamenti rəsmisinin ötən həftə deməsinə görə, yeni yanaşma “İranın hədələrini bütövlükdə həll edəcək çərçivə”nin yaradılmasın nəzərdə tutacaq.
Həmin rəsmi çıxışın ayrıntılarını açıqlamayıb. Ancaq deməsinə görə, mövcud nüvə sazişi sarıdan narahatlıqlara diqqət ayrılacaq. ABŞ prezidenti Donald Trump sazişdə bəzi qadağalar üçün son tarix nəzərdə tutan müddəalardan narazıdır. O, həmçinin sənədin İranın ballistik raketlərini də əhatələmisini istəyir.
Trump mayın 8-də nüvə sazişindən çıxdığını, İrana iqtisadi sanksiyaların bərpa olunduğunu açıqlayıb.
Sənədi imzalamış digər ölkələrsə ona sadiqliklərini dilə gətiriblər.