Ermənistanın baş naziri Nikol Pashinian vətəndaşları tətilləri, vətəndaş itaətsizliyi etirazlarını dayandırmağa çağırıb. O, mayın 17-də Facebook-da canlı yayımda etirazları yerli vaxtla günorta 3-də dayandırmağa səsləyib.
“Biz yolları ona görə bağlayırdıq ki, Ermənistanda xalqın etimad göstərdiyi hökumət yox idi. Bu gün isə xalqın inamını qazanmış hökumət var”, – Pashinian deyib.
Baş nazir şikayəti, problemi olanları hökumətə yazılı şəkildə təqdim etməyə çağırıb.
“Hökumətlə cəmiyyətin qarşıdurması hökumətlə cəmiyyətin əməkdaşlığı ilə əvəzlənməlidir”, – Pashinian deyib.
Bu arada indiki etirazları keçmiş hökumətin adamlarının, Pashinian hökumətinin işinə sabotaj məqsədilə təşkil etməsinə dair spekulyasiya yaranıb. İndi ayrı-ayrı qruplar yerli hakimiyyətin istefasını, maaş artımı tələb edir, yaxud da iş yerlərinin ixtisarına etirazlarını bildirirlər.
Ancaq baş nazir mayın 17-də AzadlıqRadiosu-na deyib ki, o, heç bir “sabotaj” elementi görmür.
***
Ermənistanın yeni baş naziri Nikol Pashinian şəhər sakinlərini etirazları dayandırmağa çağırıb.
Mayın 17-də hökumətin toplantısından öncə jurnalistlərə danışan Pashinian etirazçıları “nəfəs dərməyə” çağırıb.
Mayın 17-də onlarla etirazçı Yerevanda yürüş edərək baş prokuror Artur Davtian-ın istefasını tələb ediblər. Bundan öncə məhkəmə Sasna Tsrer qruplaşmasının 10 üzvü barəsində həbs qətimkan tədbirinin ləğvindən imtina edib.
Həmin 10 nəfər 2016-cı ildə Yerevanda polis şöbəsini 2 həftə ərzində tutmaqda, iki polis əməkdaşının ölümüylə nəticələnmiş qarşıdurma yaratmaq suçlanır.
“UDUZARIQ”
Artıq bir neçə gündür Yerevan sakinləri mer Taron Markarian-ın da istefasını tələb edirlər, onu korrupsiyada, dövlət vəsaitindən düzgün istifadə etməməkdə, paytaxtda bir parkda ağacların qanunsuz kəsilməsində ittiham edirlər.
***Buna da bax: İndi də Yerevanın merinə etiraz edirlər
Markarian keçmiş prezident, küçə etirazları nəticəsində aprelin 23-də baş nazir postundan getməyə məcbur qalmış Serzh Sarkisian-ın müttəfiqi sayılır.
“Bütün problemləri birdən həll etmək istəsək, uduzarıq. Vətəndaşların narazılıqlarını azad ifadə etmək hüququndan istifadə etməsi yaxşıdır, ancaq anlamalıyıq ki, bütün problemləri birdəfəlik həll etmək mümkünsüzdür”, – Pashinian deyib.
Baş nazir onu da vurğulayıb ki, “indiki məqamda Markarian və Davtian-ın istefasını tələb etmək mənasızdır”.
Sarkisian-ın istefası ilə nəticələnmiş küçə etirazlarına liderlik etmiş Pashinian mayın 8-də parlamentdə baş nazir seçilib.
10 il prezident olmuş Sarkisian-ın opponentləri onu Ermənistanda oturuşmuş hakim elitanın tərkib hissəsi sayır, bunun erməni xalqının maraqlarına uyğun olmadığını deyirdilər.