Fransanın enerji nəhəngi Total da Avropanın digər böyük şirkətləri kimi ABŞ sanksiyalarına əməl edərək İrandan gedəcəyini açıqlayıb. Bu arada Avropa liderləri İranla nüvə sazişini xilas etməyə çalışırlar.
Mayın 16-da Bolqarıstanın paytaxtı Sofiyada toplantı keçirən AB liderləri 2015-ci il nüvə sazişinə sadiq qaldıqlarını, İranda iş görən Avropa şirkətlərini qorumaq istədiklərini dilə gətiriblər.
Total-dan öncə Almaniyanın Allianz və Danimarkanın Maersk şirkətləri oxşar bəyanatlar səsləndiriblər.
Görünür, ABŞ-ın İrana bərpa etdiyi sanksiyaları üstələmək asan olmayacaq.
ROHANİ-YƏ ZƏRBƏ
ABŞ prezidenti Donald Trump mayın 8-də nüvə sazişindən çıxdığını və İrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.
Total əgər sanksiyalardan möhlət ala bilməsə, noyabrın 4-dək İranın nəhəng cənubi Pars təbii qaz yatağının işlənməsi üzrə milyard dollarlıq layihədən çıxacağını açıqlayıb.
Tehran indiyədək Total-la layihəni nüvə sazişinin uğuru kimi qələmə verir, İran üçün vacib neft və qaz sənayesinin dirçəlməsinə və modernləşməsinə yardım göstərdiyini bildirir. Ölkənin iqtisadi artımı məhz bu sənayeyə söykənir, hökumət gəlirlərinin böyük hissəsini ondan əldə edir.
2016-cı ildə İrana sanksiyalar qaldırılanda Total İranla biznesi bərpa edən ilk Avropa şirkəti olub. İndi bu şirkətin ölkədən getməsi prezident Hassan Rohani-yə zərbə vuracaq. Rohani bu prestijli layihənin digər beynəlxalq şirkətləri də İrana sərmayə qoymağa inandıracağına ümid edirdi.
İran hələlik, Total-ın açıqlamasına reaksiya verməyib.
Ötən həftə ABŞ Xəzinədarlığı xarici şirkətlərə Tehrandakı biznesi yekunlaşdırmağa 3 aydan 6 ayadək vaxt verib. Əks halda onların cəriməylə üzləşəcəyi bildirilib.
ABŞ MALİYYƏ SİSTEMİNİN ƏLİ HƏR YERƏ ÇATIR
Birləşmiş Ştatlar artıq sanksiyaları pozduğuna görə bir neçə Avropa və Asiya bankını, şirkətini cərimələyib. Bu yaxınlarda Çinin ZTE texnologiya nəhənginə sanksiya qoyulandan sonra şirkət biznesini dayandırmağa məcbur ola biləcəyini açıqlayıb.
***Buna da bax: Trump Çin şirkətinə əl uzadır
Total-ın bildirməsinə görə, Cənubi Pars layihəsi şirkətin Birləşmiş Ştatlarda böyük əməliyyatlarını risk yaradır. Axı, şirkətin əməliyyatlarının 90 faizinin maliyyəsi ABŞ banklarından gəlir.
Sofiyada bir araya gələn Avropa Birliyinin 28 lideri isə şirkətlərin İrandakı əməliyyatlarının qorunmasıyla bağlı hansı işlərin görüləcəyinə qərar verə bilməyib.
Avropa Komissiyasının rəhbəri Jean-Claude Juncker Avropa sərmayəsinin qorunmasını təklif edib. Məsələn, Avropa İnvestisiya Bankına İrana sərmayə qoymağa icazə verilsin, İran üçün avroyla kredit xətti açılsın.
Ancaq bu təkliflər də zərbə altında qala bilər. Belə ki, ABŞ maliyyə sistemi bütün dünyanı əhatələyir, ABŞ dolları dominantlıq edir və sairə