Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:48

Trump Çin şirkətinə əl uzadır


İllüstrativ foto
İllüstrativ foto

ABŞ prezidenti Donald Trump Çinin nəhəng texnologiya şirkətinə köməyini təklif edib. Şirkət İran sanksiyalarını pozması iddiaları üzündən ABŞ-ın qoyduğu cərimələrin onu biznes sektorundan çıxarmaq üzrə olduğunu bildirir.

Trump deyir ki, çinli həmkarı Xi Jinping ilə ZTE telekommunikasiya nəhənginin “biznesini sürətlə bərpa etməsi üçün” “birlikdə işləyirlər”.

ABŞ hökuməti şirkətin Birləşmiş Ştatlardan təchizatçılarına çıxışını kəsəndən sonra Çində xeyli sayda iş yerinə risk yarandığı bildirilir.

İŞ YERLƏRİ İTİRİLİR

“Çinin böyük telefon şirkəti olan ZTE ABŞ şirkətlərindən xeyli fərdi hissələr alır. Çində çoxlu iş yeri itirilir. Kommersiya Departamentinə məsələylə məşğul olmaq göstərişi verilib”, – Trump tvitində yazıb.

Birləşmiş Ştatlar ZTE, Rusiyanın Rusal kimi qlobal şirkətlərinə sanksiyaları artırmaqdadır. Dünyada alüminium istehsalına görə ikinci yerdə duran Rusal da sanksiyalara rəğmən biznesdə qalmağa çalışır.

Donald Trump
Donald Trump

Trump mayın 8-də İranla nüvə sazişindən çıxmağa qərar verib. Bundan sonra ABŞ sanksiyaları Airbus, Renault, Total və Siemens kimi Avropa, Asiya şirkətlərinə qarşı çevrilə bilər, əlbəttə, əgər İranla işbirliyinə davam edərlərsə.

Ötən ay Birləşmiş Ştatların Ticarət Departamenti ZTE-nin İrana sanksiyaları pozduğunu iddia edib, şirkətin Amerika istehsalı olan mobil telefon hissələrini, digər avadanlığı yeddi il ərzində idxal etməsini yasaqlayıb.

ZTE-nin sanksiyaları pozan əməkdaşları nəinki cəzalandırdığı, onlara hətta bonus verdiyi bildirilir. Ancaq sanksiya qoyulanda ZTE artıq 1,2 milyard dollarlıq cərimə ödəmişdi.

“ALTERNATİV ÇARƏ” AXTARILIR

70 mindən çox əməkdaşı olan ZTE dünyanın ən böyük telekommunikasiya şirkətlərini təmin edir. Şirkət bu ayın əvvəlində bildirib ki, sanksiyalar ucbatından əsas əməliyyatlarını dayandırmalı olub və ABŞ-ın qadağası onu biznesdən kənarlaşdıra bilər.

ABŞ ticarət naziri Wilbur Ross-un mayın 14-də deməsinə görə, Trump-ın göstərişinə uyğun olaraq, ZTE-yə qoyulmuş qadağaya “alternativ çarə”nin olub-olmadığı araşdırılır.

Çin Birləşmiş Ştatların son addımından məmnun olsa da, Konqresin bəzi üzvləri narazı qalıb.

Senatdakı demokratların lideri Chuck Schumer Trump-ı “geri çəkilməkdə” ittiham edib.

Bəs Amerikadakı işlər necə olsun, cənab Prezident? Çinin elədikləri ucbatından itirilən milyonlarla iş yeri necə olsun?” – o deyib.

Respublikaçı senator Marco Rubio-nun fikrincə, məhdudiyyət qoymadan ZTE-nin Birləşmiş Ştatlarda işləməsinə icazə vermək “ağılsızlıq” olardı.

ZTE ilə problem iş yerləri və ticarətlə deyil, milli təhlükəsizlik və casusluqla bağlıdır”, – o, Twitter-də yazıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG