Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:29

Xüsusi prokuror prezidentə ittiham verəcəyini ‘gözləmir’


Donald Trump (solda) və Robert Mueller
Donald Trump (solda) və Robert Mueller

ABŞ-da xüsusi prokuror Robert Mueller Ağ evə bildirib ki, prezident Donald Trump-a ittiham irəli sürəcəyini gözləmir. Hətta Rusiya-Trump əlaqələrini araşdıran zaman cinayətə dəlil aşkarlasa belə. Məlumatı prezidentin vəkili yayıb.

Vəkil, keçmiş prokuror və Nyu Yorkun keçmiş meri Rudy Giuliani mayın 16-da axşam CNN və Fox News-a danışıb. Deməsinə görə, Mueller Ağ evə söyləyib ki, Ədliyyə Departamentinin çoxdan təsbit etdiyi hüquqi yanaşmaya əməl edəcək – vəzifədə olan prezidentə ittiham irəli sürülə bilməz.

“PREZİDENTƏ ÇOX ƏZAB VERDİK”

Onlar ancaq hesabat hazırlayacaqlar. İttiham irəli sürə bilməzlər. Azından, bir az mübarizə aparandan sonra bunu bizə etiraf etdilər”, – Giuliani CNN-ə deyib.

Vəkilin Fox News-a bildirməsinə görə, prezidentin toxunulmazlığı səbəbindən Mueller təhqiqatını tamamlamalıdır.

Giuliani-nin fikrincə, Mueller-in qərar verməyə bütün faktları var: “1,4 milyon sənəd əldə edib, 28 şahidi dindirib. Ancaq ortaya heç nə qoymayıb… Artıq ‘yetər’ deməyin vaxtı çatıb. Bu prezidentə çox əzab verdik”, – o, Fox-a deyib.

Rudy Giuliani
Rudy Giuliani

Mueller-in sözçüsü Peter Carr Giuliani-nin dediklərini şərh etməyib.

Təxminən bir ildir Mueller xüsusi prokuror təyin olunub, Rusiyanın 2016-cı il prezident seçkisinə iddia olunan müdaxiləsini araşdırır.

Senatın kəşfiyyat komitəsi mayın 16-da 14 aylıq təhqiqatının nəticəsini açıqlayıb, Rusiyanın seçkiyə təsir göstərməyə çalışdığını bildirib. Rusiyanın niyyətinin Trump-ın seçilməsinə yardım etmək, opponent, demokratların namizədi Hillary Clinton-a zərbə vurmaq olduğu vurğulanır.

HESABAT DEPARTAMENTƏ TƏQDİM OLUNMALIDIR

Giuliani deyib ki, Mueller prezidentin hər hansı yanlışa yol verdiyini aşkarlasa belə, Ədliyyə Departamentinin hüquqi rəyinə uyğun olaraq, hesabatını bu quruma təqdim etməlidir.

Ancaq ABŞ Konstitusiyasına görə, bu hesabat prezident Konqresdə impiçmenti üçün əsasa çevrilə bilər.

Bu arada Mueller-in Trump-ı dindirmək istəməsi barədə də məlumatlar yayılmışdı.

Mueller artıq 19 nəfərə ittiham irəli sürüb. Onların içində prezidentin seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort, bir neçə köməkçisi də var. Onlar barələrində təhqiqat gedən rusiyalılarla ya əlaqə saxlayıb, ya da bu haqda bilgili olub.

Trump dəfələrlə bildirib ki, Rusiyayla onun seçki kampaniyası arasında hər hansı əlbirlik olmayıb.

Rusiya da oxşar iddiaları rədd edir.

Ancaq media Mueller-in qanunun başqa bir mümkün pozuntusunu da araşdırdığını yazıb – Trump istintaqı əngəlləməyə çalışıbmı. Prezident bir il öncə Federal Təhqiqat Bürosunun rəhbəri James Comey-i işdən çıxarıb, eləcə də digər hədə və hərəkətlərə yol verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG