Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 21:59

Həbsdəki AXCP fəalının kritik durumda olduğu deyilir


Mirfeyzulla Seyidov

Bir həftə öncə həbs olunan AXCP fəalı Mirfeyzulla Seyidovun vəziyyətinin kritik olduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna onun yaxınları danışıb.

Ailə üzvləri bildirib ki, M.Seyidov həbs olunandan bəri ilk dəfə mayın 15-də evi ilə telefonla əlaqə saxlayıb və durumunun ağır olduğunu çatdırıb: «Vəziyyəti gerçəkdən ağırdır. O, elə bir xəstəlikdən əziyyət çəkir ki, təbii ehtiyaclarının ödənilməsi üçün imalə olunmalı, dərman içməlidir. Amma həbs olunduğu gündən bunlar olmadığından, bağırsaq keçməzliyi problemi yaranıb. Səsi həddindən artıq pis gəlirdi. Nəzarətçilərin yardımı olmadan hərəkət edə bilmir».

Yaxınları M.Seyidovun durumu ilə əlaqədar Ombudsman Aparatına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müraciət edib: «Söz verdilər ki. araşdıracaqlar, mütləq baş çəkəcəklər».

M.Seyidov xroniki böyrək xəstəliyindən əziyyət çəkir, birinci qrup əlildir. O, həftədə üç dəfə əvəzedici böyrək müalicəsi-hemodializ almaqla yaşayır.

AXCP fəalının vəkili Cavad Cavadov da hüquqlarını müdafiə etdiyi şəxsin vəziyyətinin ağır olduğunu təsdiqləyib. Mayın 15-də Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında müvəkkili ilə görüş zamanı onun durumunu görəndən sonra vəkil M.Seyidovun ev dustaqlığına buraxılması üçün Baş prokuror Zakir Qaralova müraciət edib. Müdafiəçi məktubuna M.Seyidovun səhhətindəki problemləri təsdiqləyən tibbi sənədləri də əlavə edib: «Mirfeyzulla Seyidov xroniki böyrək xəstəsi olmaqla yanaşı, şəkərli diabet, diabetik nevropatiya, hipertoniya, anemiya kimi xəstəliklərdən də əziyyət çəkir. Onun ürəyində bir il əvvəl əməliyyat keçirilib, ürəyinə iki stend qoyulub. Düzdür, həbsindən sonra onu dializ proseduruna aparıblar. Amma bu, yetərli deyil. Onun xüsusi qidalanmaya, daimi həkim nəzarətində dərmanlar qəbul etməsinə ehtiyac var. Ona görə də heç olmasa, Müalicə Müəssisəsinə köçürülməlidir».

M.Seyidov özü də yazılı məktubla vəkilinə müraciət edərək, onun durumu ilə bağlı məsələnin ictimailəşdirilməsini tələb edib.

AXCP fəalı, milli azadlıq hərəkatının iştirakçılarından olmuş M.Seyidov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama və ya daşıma) maddəsi ilə ittiham olunur.

Bu maddədə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Ancaq AXCP M.Seyidova qarşı ittihamın saxta olduğunu, onun siyasi baxışlarına görə şərlənib həbs olunduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG