Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Rusiyada dünya kubokunu işıqlandıran jurnalist nəyə diqqət eləsin


Rostov Arenası, 12 may, 2018-ci il
Rostov Arenası, 12 may, 2018-ci il

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı “sovet dövründən bəri ən pis insan haqları böhranı” ilə bir dönəmə düşür. Belə bir bəyanatla mayın 15-də Human Rights Watch insan haqları təşkilatı çıxış edib.

Qurumun açıqladığı hesabat “Rusiya: FIFA Dünya Kuboku 2018 – Reportyorlar üçün İnsan Haqları Bələdçisi” adlanır. Human Rights Watch bildirir ki, FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) nüfuzundan istifadə etməli, Rusiya hakimiyyəti qarşısında əmək hüquqları pozuntuları, əsas azadlıqlara məhdudiyyətlər, insan haqları fəallarına təzyiqlər kimi məsələləri qaldırmalıdır.

“SƏRTLƏŞƏN VƏ PİSLƏŞƏN MÜHİT”

Bir ay çəkəcək turnir “insan haqları üçün sərtləşən və pisləşən mühitində” baş tutacaq, hesabatda deyilir.

Hajo Seppelt
Hajo Seppelt

Sənəddə Rusiyada daha geniş insan haqları məsələləri qaldırılır – sərbəst toplaşma, birləşmə və ifadə azadlıqlarını məhdudlaşdıran qanunvericilikdən mütəmadi istifadə olunur; repressiv qanunvericilik və daha güclü onlayn senzura vasitəsiylə narazılar susdurulur və sairə.

Hesabatda FIFA-nın qəbul etdiyi yeni insan haqları siyasətindən də söz açılır, onların Rusiyada ciddi insan haqları pozuntuları ilə daha səmərəli mübarizədə rolu vurğulanır.

Dünya kuboku kimi qlobal idman tədbirləri beynəlxalq medianın diqqətini çəkir. Ümid edirik, bu bələdçi reportyorların futboldan savayı, Rusiyada daha geniş məsələləri görməsinə yardım edəcək”, – Human Rights Watch-un Avropa və Orta Asiya direktoru Hugh Williamson deyib.

Sənəddə Rusiyanın Suriya hökumətinə dəstəyi tənqid olunur, Suriya qüvvələrinin insanlıq əleyhinə hərbi cinayətlər törətməsinə sübutlar olduğu vurğulanır.

Qurum Almaniyanın veteran idman reportyoru Hajo Seppelt-in Dünya Kubokuna buraxılmamasını da qeyd edir. O, Rusiya idmanında dopinq qalmaqalını geniş işıqlandırıb.

Hesabatda Dünya Kuboku üçün stadionlar tikən fəhlələrin əmək hüquqlarının pozulduğu vurğulanır. Bu pozuntulara təhlükəli əmək şəraiti, maaşların gecikdirilməsi, hətta ölüm halları daxildir.

ÇEÇENİSTANDAN AYRICA SÖZ AÇILIR

Rusiyanın Çeçenistan regionunun paytaxtı Qroznının Misir komandasına ev sahibliyi edəcəyi vurğulanır, baxmayaraq ki, Çeçenistan Rusiyanın ən repressiv regionu sayılıb.

Sənəddə qeyd edilir ki, Çeçenistan lideri Ramzan Kadyrov “insan haqları müdafiəçilərini təhdid edib, onlara açıq şəkildə xəyanətkar və xəbərçi deməklə onları ləkələyib”.

Oyub Titiev
Oyub Titiev

Hesabatda Rusiyanın Memorial insan haqları qrupunun Çeçenistan bölməsinin rəhbəri Oyub Titiev-in də adı çəkilir, onun “qondarma marixuana saxlamaq ittihamıyla həbsdə yatdığı” bildirilir.

HRW FIFA-ya sənəddə qaldırılan problemlərin həllindən ötrü ciddi addımlar atmağı tövsiyə edir.

FIFA Rusiyadan xahiş etməlidir ki, ‘gey təbliğatı’ qanununu ləğv etsin, bu qanun FIFA-nın ayrı-seçkiliyə qarşı tələblərinin pozulmasıdır. FIFA həmçinin Rusiyanı çağırmalıdır ki, Dünya Kubokunun keçirildiyi şəhərlərdə bu yarışmadan öncə, kubok zamanı və ondan sonra nümayişlərə məhdudiyyətlər qoymağı dayandırsın”, – HRW hesabatda bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG