Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

'Qərb ölkədəki haqsızlığı görmür bəhanəsi'-Media icmalı


Azərbaycan bayrağı
Azərbaycan bayrağı

Keçmiş prezident Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı onun fəaliyyətinin dəyərləndirilməsi, xaricə yönəlik tənqidlərə cavab, bank sektorunda mövcud durum və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bizim görməli olduğumuzu niyə dünya görməlidir?»

Azadliq.info saytında «Biz haralıyıq?» sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycan cəmiyyətində baş verən bir sıra məsələlərə ironik üslubda yanaşaraq prosesləri öz baxış bucağından təhlil edib: «Milyardları həzm etdikdən sonra doymamağın mümkünlüyünü sübuta yetirərik. 70, 80, 90 yaşında vəzifə kürsüsündən yapışmaq ehtirasımızı nümayiş etdirə bilərik...».

Müəllif tənqidlərinə davam edərək sonra da yazıb: «Bu ölkədə 150 manat əməkhaqqı alan adam 150 milyardı müsadirə edənə baxıb, «bundan sonra gələn daha pis olacaq» deyə bilir. Bu ölkədə ləyaqətli insanın işgəncəyə məruz qalmasına tamaşa edib, «hökumətlə hökumətlik etmək olmaz» qənaətinə gələnlər var».

Müəllif yazıb ki, ölkədə tez-tez «sən haralısan?» kimi sual eşidilir. Yazıda bu hal ciddi qüsur sayılır və ard-arda suallar verilir: «... Biz buraların vətəndaşıyıqsa, niyə özümüzü oralardakı kimi aparırıq? Bəlkə də sualı bir az da konkretləşdirməliyik ki, «biz kimik?»...».

Müəllifə görə, insanlar heç də cəmiyyətdəki eybəcərliklərə görə özlərini günahlandırmağı sevmirlər, yalnız kənarda səbəblər axtarılır. Yazıda bu baxımdan «dünya hara baxır», «Qərb ölkədəki haqsızlığı görmür» kimi deyimlər bəhanə kimi dəyərləndirilir».

Müəllif daha bir sualı gündəmə daşıyır: «Bizim görməli olduğumuzu niyə dünya görməlidir?».

Hansı banka etibar edirsiz?
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

«Bu il bəzi banklar bağlana bilər»

«Yeni Müsavat» qəzetində «Bəzi banklar bağlanacaq iddiası» sərlövhəli yazı yer alır.

Müəllif ölkənin bank sisteminin mövcud durumu və yaxın gələcəyi barədə ekspert Əkrəm Həsənovun düşüncələrinə yer verib.

Yazıda bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu günlərdə bank sektorunda müsbət iqtisadi inkişafdan bəhs edib.

Müəllifin yazmasına görə, Palatanın məsullarından Tahir Nemətov vurğulayıb ki, banklarda likvidlik artır, real biznesə verilən kreditlər 64 faizə yüksəlib, yalnız kreditləşmədə ləngimələr yaşanmaqdadır.

Ekspert Ə.Həsənov isə deyib ki, bəzi məsələlərdə müsbət tendensiya müşahidə olunsa da, bu, bütünlükdə bank sektoruna şamil oluna bilməz: «Azərbaycanda ötən ilin sonundan başlayaraq əmanətlərin həcmi artıb. Səbəb odur ki, manat sabitləşib, manatla əmanətlər üzrə faizlər yüksəkdir, əmanətlərin həcmində cüzi artım var. Lakin bu hələ o demək deyil ki, bank sisteminə etimad artıb. Sadəcə, kimlərsə qısamüddətli gəlir əldə etmək istəyir».

Ekspertin deməsinə görə, banklar məcburən problemli kreditlərinin bir hissəsini silib. Üstəlik, Ə.Həsənovun fikrincə, likvidlik (likvidlik bir maliyyə məhsulunun nağdlaşdırılma imkanına verilən addır-R) ona görə artıb ki, banklar kredit vermirlər, onların sərbəst vəsaitləri çoxalıb: «Mən hesab edirəm ki, bankların ən əsas məsələsi kimi problemli kreditlər artmaqda davam edir. Bu il çox güman ki, əmanətlərin həcmi də azalacaq, çünki faiz dərəcələri düşür».

Ekspert deyib ki, kredit portfelində biznes kreditlərinin həcminin artmasına gəlincə, bunun nə dərəcədə real olduğunu aydınlaşdırmaq çətindir: «Bank sektorunun ötən illərdəki təcrübəsi onu göstərdi ki, bəzi hallarda kreditin ayrıldığı biznes qurumları, ümumiyyətlə, mövcud olmur. Odur ki, bu rəqəmlərin nə qədər reallığa uyğun olması mübahisəlidir, ümumilikdə isə, kredit verilməsi davam edir».

Ə.Həsənov vurğulayıb ki, bu il bir neçə bankın bağlanacağı istisna deyil.

Sumqayıt
Sumqayıt

Heydər Əliyev və Sumqayıt

«Azərbaycan» qəzeti keçmiş prezident Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı silsilə yazıların dərcinə davam edib.

Növbəti belə bir yazı «Heydər Əliyev ideyaları Sumqayıtın inkişafının və quruculuğunun əsas zəminidir» başlığı altında dərc edilib.

Yazının axırında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun imzası var.

İcra başçısı yazıb ki, H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi iki, lakin bir-birindən tamamilə fərqli ictimai-siyasi mühitdə ölkə zirvələrə yüksəlib:

«Heydər Əliyev birinci dəfə ölkəmizə rəhbərliyə gələndə iqtisadi və mədəni tənəzzül dövrünü yaşayan Azərbaycan sovet məkanında geridə qalmış respublikalardan biri idi. Məhz ulu öndərin sayəsində o illərdə Azərbaycan keçmiş ittifaqda ən qabaqcıl yerlərə çıxmış, sənaye respublikasına çevrilmişdi. O dövrdə yaradılmış potensial Azərbaycan üçün böyük imkanlar açmış və bu gün də müstəqil dövlətimizə xidmət göstərir».

Müəllifin iddiasına görə, bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı H.Əliyevin adı ilə bağlıdır.

Yazıda keçmiş prezident H.Əliyevin sonrakı rəhbərlik dövründən də bəhs edilir. Başçı sonda da yazıb:

«Bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərimizin inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Sumqayıtın bugünkü inkişafı göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallaşır, ideyaları həyata vəsiqə qazanır...».

XS
SM
MD
LG