Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:34

İsrail Suriyadakı İran hədəflərini vurur


İsrail ordusu Suriyadakı İran hədəflərinin vurulduğunu bildirir
İsrail ordusu Suriyadakı İran hədəflərinin vurulduğunu bildirir

İsrailin müdafiə naziri Avigdor Lieberman mayın 10-da deyib ki, Suriyadakı İran qüvvələrinin İsrailə qarşı “misli görünməmiş raket hücumu”na cavab veriblər. O, İsraildə heç kəsin xəsarət almadığını, raketlərin ya tutulduğunu, ya da hədəfə dəymədiyini bildirib.

Rusiyanın Müdafiə Nazirliyi də bəyanat yayıb. Bəyanatda deyilir ki, ikisaatlıq reyd zamanı İsrailin F-15 və F-16 qırıcıları 60 hava-yer tipli raket buraxıblar. Nazirlik İsrailin 10-dan artıq taktiki yer-yer tipli raket buraxdığını da bildirir.

Avigdor Lieberman
Avigdor Lieberman

Rusiya Suriya prezidenti Bashar al-Assad-ın müttəfiqidir və 2015-ci ildən hava zərbələri ilə onu dəstəkləyir.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, İsrailin zərbələrindən beşi suriyalı əsgər olmaqla, 23 döyüşçü öldürülüb. Qurum İsrailin paytaxt Dəməşq yaxınlığında, ölkənin mərkəzində və cənubunda Suriya hərbçilərinin və İranın dəstəklədiyi yaraqlıların bir neçə hərbi postunu vurduğunu bildirir.

***

İsrail ordusu İranın Suriyada “onlarla” hərbi obyektinə raket zərbəsi endirdiyini bildirir və bunu Golan Yüksəkliyinə 20-dək raketin atılmasına cavab olaraq gerçəkləşdirdiyini deyir. İsrailin iddiasına görə, Golana zərbə endirmək göstərişi İran inqilab qvardiyasının rəhbərindən gəlib.

İsrail ordusunun sözçüsü, general leytenant Jonathan Conricus mayın 10-da Qüdsdə jurnalistlərə deyib ki, İsrail ordusu İran kəşfiyyatının istifadə etdiyi əraziləri, logistikasını, ehtiyat və maşınlarını, eləcə də İsrailə atılan raketlərin buraxıldığı güman edilən məkanı hədəfə alıb.

ƏN BÖYÜK HƏRBİ ƏMƏLİYYATLARDAN BİRİ

Conricus iddia edib ki, Golan Yüksəkliyinə raket zərbələri göstərişini İran İslam İnqilabı Qvardiyasının rəhbəri Qassem Soleimani verib. O, həmin zərbələrin ciddi dağıntı törətmədiyini bildirib.

Qassem Soleimani
Qassem Soleimani

“İsrail ordusu İranın özünə qarşı bu hücumuna çox ciddi yanaşır. Suriyada onlarla İran hərbi hədəfini vurmaqla buna cavab vermişik”, – o deyib.

Sözçünün deməsinə görə, bu, son illər İsrailin ən böyük hərbi əməliyyatlarından biri, həmçinin İran hədəflərinə ən böyük əməliyyat olub. Ancaq eyni zamanda İsrailin İranla gərginliyi qızışdırmaq istəməməsini də sözlərinə əlavə edib.

İran İsrailin iddialarına cavab verməyib. Ancaq Suriya ordusu və medianın bildirməsinə görə, İsrailin zərbələrinə kəskin cavab verilib, raketlərin çoxu vurulub.

Suriya dövlət xəbər agentliyi mayın 10-da yazıb ki, İsrail Dəməşqə və Suriyanın digər yerlərinə onlarla raket atıb, radar qurğusunu dağıdıb, sursat anbarını vurub.

ATƏŞ GOLANDAN “AÇILIB”

Ancaq bu dəfə İsrailin zərbəsinin daha güclü olduğu görünür. Dəməşq sakinləri sübh açılmamışdan şəhərin partlayışlardan silkələndiyini deyir.

9 may zərbəsindən sonra
9 may zərbəsindən sonra

İsrail təyyarə və raketlərinin sərhədin Suriya tərəfindəki Queintra regionunda hərbi sahələri də hədəfə aldığı bildirilir. Yerli fəallar Golan Yüksəkliyindəki İsrail mövqelərindən artilleriya atəşi açıldığını bildirir.

Bir gün öncə isə Suriya İsraili Dəməşqin cənubunda İrana məxsus Kisveh hərbi postuna raket zərbəsi endirməkdə suçlamışdı. Mayın 9-da gerçəkləşdirilmiş zərbələrdə 15 nəfərin öldürüldüyü, onlardan 8-nin iranlı döyüşçülər olduğu bildirilirdi.

İsrail hava zərbələrindən çoxunu təsdiqləmir. Ancaq aylardır deyir ki, İranın Suriyada hərbi baxımdan həmişəlik oturuşmasını qəbul etməyəcək.

İran da İsraillə əlaqələndirilən bu zərbələrin qisasını alacağını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG