Keçmiş prezident Heydər Əliyevin 95 illik yubileyi, banklarının kredit verilməsini azaltması, ölkədə yoxsulluq səviyyəsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...
Kreditləşmədə 4 milyard manat azalma
Azadliq.info saytında «Kreditlərin məbləği 3.8 milyard manata yaxın azalıb» sərlövhəli yazı oxumaq olar.
Sayt iqtisadçı-ekspert Rövşən Ağayevin ölkədə kreditləşdirmə səviyyəsinə dair düşüncələrinə yer verib.
İqtisadçı deyib ki, 2017-ci ilin ilk rübü ilə müqayisədə 2018-ci ilin eyni dövründə müştərilərə verilən xalis kreditlərin məbləği 3.8 mlrd. manata yaxın (28 faiz) azalıb. Onun bildirməsinə görə, bu azalma kreditlər üzrə faiz gəlirlərində də özün göstərib. Faiz gəlirlərində 30 faizə yaxın azalma baş verib.
«Qeyri-faiz gəlirləri 2.4 dəfəyə yaxın (150 mln. manat) azalıb. Bu, həm də qeyri-faiz xərclərinin 10 faizə yaxın artdığı şəraitdə baş verib. Çox güman ki, qeyri-faiz gəlirlərinin kəskin azalması bankların valyuta ticarətindən gəlirlərinin azalması ilə bağlıdır», - iqtisadçı hesab edir.
R.Ağayevin fikrincə, ötən ilin birinci rübündə məzənnənin kəskin dəyişməsi (1 USD =1.72-1.92 manat intervalında) və marja məhdudiyyətinin götürülməsi valyuta alqı-satqısından yaxşı gəlir götürməkdən ötrü münbit şərait yaratmışdı.
İqtisadçıya görə, bu ilin ilk rübündə məzənnə sabitliyi və valyutaya tələbatın daha da azalması çox güman ki, bu mənbədən gəlirlərin də azalmasını qaçılmaz edib.
İqtisadçının vurğulamasına görə, rəqəmlərdən görünən odur ki, böyük neft pulları hesabına yaranan «bank köpüyü» yatdıqca, həm bu sektorun aktivləri, həm də faiz və qeyri-faiz gəlirlərinin dövriyyəsi kiçilir.
Yoxsulluq hansı səviyyədədir?
«Novoye Vremya» qəzetində «Yoxsulluğun tələləri» sərlövhəli yazı yer alır.
Yazıda bildirilir ki, ölkə statistikası Azərbaycanda yoxsulluğa dair cəmiyyətə aydın olmayan göstəricilər təqdim edir. Müəllifin fikrincə, əksər insanlar bu rəqəmlərə inamsız yanaşırlar.
Yazıda vurğulanır ki, rəsmi olaraq Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz göstərilir. Müəllif hesab edir ki, yaşayış minimumu qanununda olan ziddiyyətlər ölkədə yoxsulluğun səviyyəsi barədə manipulyasiyalara şərait yaradır: «Həmin qanuna əsasən, orta aylıq gəlirləri ehtiyac meyarlarından aşağı olan ailələr yoxsul sayılırlar».
Üstəlik, yazıda iddia olunur ki, hətta elan olunan yoxsulluq səviyyəsi belə yaşayış minimumu əsasında hesablanmır: «Yoxsulluq səviyyəsi hesablanarkən əsas kimi ünvanlı sosial yardım alanlar götürülür. Amma məsələyə elə rəsmi statistika bucağından yanaşdıqda müxtəlif adlarla adlandırılsa da, gəlirlərinə görə əhalinin çox hissəsi istər ehtiyac meyarları, istərsə də yaşayış minimumu göstəriciləri altına düşür».
Müəllif vurğulayıb ki, Dünya Bankının hesablamasına görə, ölkədə yoxsulluq səviyyəsi 9 faizdir. Yazıda bildirildiyinə görə, burada söhbət əhalinin gündəlik gəliri 2 dollardan aşağı olan hissəsindən gedir. Müəllifin bildirməsinə görə, halbuki, BMT-dən bu rəqəmin ən azı 5 dollar həcmində götürülməli olduğu bəyan edilib.
Yazıda xatırladılıb ki, bu, Azərbaycanda 2015-ci il devalvasiyalarından, əhalinin gəlir və alıcılıq qabiliyyətinin azalmasından çox əvvəl müəyyən edilib. Müəllifin iddiasına görə, hətta köhnə meyarla hesablansa belə, yoxsulluq səviyyəsinin dəyişdiyi məlum olacaq.
Yazıda bildirilir ki, əgər gündəlik 5 dollar qazancı olmayanların yoxsul sayılması əsas götürülərsə, tamam fərqli rəqəm meydana çıxar. Onda Azərbaycanda yoxsulluq səviyyəsinin 28 faizə yüksəldiyi üzə çıxar.
15 ildə polislərin maaşı 16 dəfə artıb
«Azərbaycan» qəzetində «Heydər Əliyev Azərbaycanın 50 illik şərəf, inkişaf və müstəqillik salnaməsinin müəllifidir» sərlövhəli müsahibə dərc edilib.
Daxili işlər naziri Ramil Usubovla aparılan söhbət keçmiş prezident H.Əliyevin 95 illik yubileyinə həsr edilib.
Nazir hələ sovetlər dönəmində H.Əliyevin birinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsini belə xatırlayıb: «Ozamankı Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olarkən - 1969-cu ilin iyul ayında belə bir məlumat eşitdim ki, Azərbaycana yeni rəhbər təyin olunub. Bu insan əvvəlki dövrdə ölkə DTK-sına rəhbərlik etmiş general rütbəli Heydər Əliyevdir».
R.Usubov müsahibəsində deyib ki, ötən əsrin 70-ci illərində H.Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə Dağlıq Qarabağda erməni və azərbaycanlılar arasında nifaq toxumu səpənlər geri çəkiliblər: «Bir sözlə, Heydər Əliyev 70-ci illərdə artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytardı və bu, orada yaşayan soydaşlarımız üçün yeni dövrün başlanğıcı oldu».
Müsahibədə nazir ölkədəki ictimai siyasi sabitliyin səbəbləri ilə bağlı verilən sualı da cavablandırıb: «Vətəndaşlarımızın cənab İlham Əliyevə və onun hakimiyyətinə olan inamı ölkədə güclü həmrəylik və monolit ictimai birlik yaradıb. Son prezident seçkiləri də göstərdi ki, Azərbaycan xalqı cənab İlham Əliyevə alternativ görmür, onun siyasi kursunu birmənalı dəstəkləyir. Qeyd edim ki, ötən ay keçirilən prezident seçkilərinin nəticələri həm də Heydər Əliyev ideyalarının növbəti qələbəsi idi».
R.Usubov deyib ki, İ.Əliyevin hakimiyyətdə olduğu 15 ildə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb. Nəticədə əmək haqları orta hesabla 16 dəfə artıb.