Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

Ə.Həsənov: 'Söz və mətbuat azadlığı təmin olunub'


Ə.Həsənov

«Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub».

Mayın 7-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Bakıda keçirilən 15-ci iclasındakı çıxışında prezidentinin köməkçisi Əli Həsənov belə deyib.

APA-nın xəbərinə görə, o, Azərbaycanda istənilən şəxsin müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet çap edə bildiyini vurğulayıb.

«Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir. Əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. Kütləvi İnformasiya vasitələrinin (KİV) sayı isə 5 min 100-ə çatıb», - deyən Ə.Həsənov ölkə prezidentinin yürütdüyü siyasətin məğzində insan hüquq və azadlıqlarının təşviqinin, vətəndaş cəmiyyəti institutlarının inkişafının durduğunu ifadə edib.

«Ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaradılıb. Qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Hazırda 55 partiya dövlət qeydiyyatından keçib», - deyən Ə.Həsənov hazırda parlamentdə 7 müxalifət partiyasının təmsil olunduğunu bildirib.

Ə.Həsənov həmçinin deyib ki, qanunvericilik qeyri-hökumət təşkilatlarının (QHT) də azad və sərbəst fəaliyyət göstərməsini təmin edir.

«Dövlət hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu vasitəsi ilə QHT-lərin layihələrini maliyyələşdirir. Digər dövlət qurumlarının xətti ilə də QHT-lərin layihələri maliyyələşdirilir», - o bildirib.

Ancaq Azərbaycanın bir sıra müxalifət partiyaları belə fikirlərlə razılaşmırlar. Onlar bəzi müxalifət partiyalarına qeydiyyat problemi yaradıldığını bildirirlər. Buna misal olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyata alınmamasını göstərirlər. Üstəlik, onların fikrincə, əsas müxalifət partiyaları seçkilərin saxtalaşdırılması nəticəsində parlamentə buraxılmayıblar.

Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı deyilənlər də gerçəklik sayılmır. 10-a yaxın jurnalist və bloqqerin həbs edildiyi, bəzi müstəqil saytların Azərbaycandan bloklandığı bildirilir.

Rəsmilər isə iddia edirlər ki, həbs edilən jurnalistlər və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı yox, törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Müzakirələr aparmaq məqsədilə Bakıya səfər edən Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərini bu gün, mayın 7-də prezident İlham Əliyev də qəbul edib.

Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi komitə üzvləri ilə görüşdə İ.Əliyev deyib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Onun deməsinə görə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır.

S.Kərim isə öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında 2017-ci ildə başlanan danışıqların uğurla davam etdirildiyini qeyd edib.

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Multimedia

XS
SM
MD
LG