Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:21

Ermənistanda ‘rəqs inqilabı’ və Dağlıq Qarabağa 3 təhlükə


Nikol Pashinian-ın tərəfdarları rəqs edir, 2 may, 2018-ci il
Nikol Pashinian-ın tərəfdarları rəqs edir, 2 may, 2018-ci il

Ermənistanda etiraz aksiyalarının müxalifət lideri Nikol Pashinian-ın baş nazirliyə rəsmi namizədliyi ilə sonuclanması, ölkəni gözləyən mümkün ssenarilər qərb mediasının əsas mövzularındandır.

“The Economist” Ermənistanda baş verənləri inqilabdan çox karnavala bənzədir. “Təkərlər yandırmaq, barrikadalar qurmaq əvəzinə, gənclər Ermənistan bayraqlarına bürünərək küçələrdə rəqs edir, ya voleybol oynamaqla, ya da sadəcə, xalçalar üzərində oturmaqla yolları kəsirlər... Ancaq küçə tamaşasının arxasında gənc nəslin 1991-ci ildə müstəqil qazanılandan bəri ölkəyə nəzarət etmiş köhnə qvardiyaya qarşı məxməri inqilabı dayanır”, – məqalədə vurğulanır.

***Buna da bax: Pashinian böhranın həllinə ‘çalışdığını’ deyir

Məqalədə qeyd olunur ki, müxalifət lideri Nikol Pashinian qeyri-zorakılığa çağırmaqla inqilabı mərkəzsizləşdirdi və hakimiyyətin onu əzməsini mümkünsüz etdi. Ən əsası, hakimiyyətə meydan oxuyanlar ideologiya, geosiyasət söhbətlərindən də qaçdı, bu, ölkəni parçalaya, Rusiyanı qəzəbləndirə bilərdi. 2003-cü ildə Gürcüstanda, 2004 və 2014-cü illərdə Ukraynada NATO və Avropa Birliyinə qoşulmaq şüarlarıyla keçirilən nümayişlərdən fərqli olaraq, Pashinian yalnız və yalnız korrupsiya və məhkəmələr kimi hamının razılaşdığı daxili məsələləri qaldırdı. O, populist vədlər verdi, Ermənistanın Rusiyayla təhlükəsizlik razılaşmalarını saxlayacağını bildirdi.

Yerevan, 3 may, 2018-ci il
Yerevan, 3 may, 2018-ci il

KREMLİN “ƏN AĞILLI” SİYASƏTİ

Yerevanda Avropa bayrağı qaldırılmadı, ölkənin Avropaya bağlı taleyi barədə şüar səslənmədi. Ancaq Rusiya mövzusuna toxunmaq qorxusu elə Moskvanın əhəmiyyətini qabartmış oldu”, – məqalədə vurğulanır.

Dərgi yazır ki, inqilablara bel bağlamayan Moskva Ermənistana hələlik, müdaxilə etməməyə qərar verib, ümid edib ki, şişirdilmiş gözləntilər və pulsuzluq öz işini görəcək. “Bu, illər boyu Kremldən gördüyüm ən ağıllı siyasətdir”, – Qafqaz İnstitutunun rəhbəri Alexander Iskandaryan deyib.

Ermənistan inqilaba yolunu rəqsləmi açdı? “The Washington Post” qəzetindəki məqalə belə adlanır. Müəllif Amie Ferris-Rotman ermənilərin rəqsi ölkəylə dünyaya səpələnmiş diasporu arasında bir bağ kimi gördüyünü qeyd edir. Ermənistanın rəqs ansamblları tez-tez Los Ancelesdə, Moskvada çıxış edir.

Ancaq inqilab göstərisi təkcə rəqslə bitmədi: bir qrup musiqiçi bu həftə Mədəniyyət Nazirliyinin girişini qapadı, erməni bəstəkarı Komitas Vardapet-ın əsərlərini ifa etməyə başladı. Onlara daha sonra kukla teatrının əməkdaşları da qoşuldu, deputatları parodiya etdilər. Elə həmin gün mədəniyyət naziri istefa verdi”, – məqalədə deyilir.

DAĞLIQ QARABAĞ FAKTORU

Beynəlxalq Böhran qrupu isə “Ermənistanı misilsiz qeyri-müəyyənlik gözləyir” xəbərdarlığı ilə çıxış edir.

Separatçı rejim Dağlıq Qarabağda hərbi təlim keçirir, 3 may, 2018-ci il
Separatçı rejim Dağlıq Qarabağda hərbi təlim keçirir, 3 may, 2018-ci il

Qurumun Avropa və Orta Asiya üzrə proqram direktoru Magdalane Grono yazır ki, ölkədə siyasi böhran bitməyib və siyasi kövrəklik Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ zonasında münaqişəni qızışdıra bilər. Müəllif üç mümkün təhlükəylə bağlı xəbərdarlıq edir.

Birincisi, Azərbaycan tərəfdən mümkün əməliyyatlardan ehtiyatlanan Dağlıq Qarabağdakı hərbi komandirlər qabaqlayıcı zərbə barədə düşünə bilərlər. Onlar 2016-cı ilin dördgünlük əməliyyatlarından sonra bu planı diqqətdə saxlayırlar. “Qabaqlayıcı zərbə Yerevandakı elitanın siyasi strategiyasının bir hissəsi də ola bilər, axı, onlar keçid dövründən itkiylə çıxmaqdan qorxurlar”, – müəllif yazır.

İkincisi, Azərbaycan özü Ermənistandakı çaxnaşmadan faydalanaraq münaqişə zonasında hücuma keçə bilər. Mayın 1-də deputat Qüdrət Həsənquliyev deyib ki, “torpaqlarımızı vaxtında azad etmək üçün fürsətlərdən faydalanmalıyıq”. Ancaq müəllif aparıcı hökumət rəsmilərinin hələlik, Ermənistandakı durumla bağlı döyüşkən ritorika səsləndirməməsini yaxşı əlamət sayır.

Üçüncü təhlükə isə durumun nəzarətdən çıxmasıdır ki, bu ehtimal yüksək həssaslıq və hazırlıq dövründə kəskinliyi ilə fərqlənir.

Beynəlxalq Böhran Qrupu bütün tərəfləri qızışdırıcı addımlardan çəkinməyə, siyasi və diplomatik kanalları açıq saxlamağa çağırır. “ATƏT-in Minsk qrupu həmsədrləri, mövcud rəsmi kanallardan savayı, Pashinian-la Dağlıq Qarabağda münaqişənin eskalasiya riskləri barədə söhbət aparmalıdır”, – məqalədə deyilir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçı hərəkat 1988-ci ildə başlayıb, 1994-cü ildə atəşkəs əldə olunub. 2016-cı ildə dördgünlük əməliyyatlarda 100-dək adamın həlak olduğu bildirilirdi.

XS
SM
MD
LG