Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:45

'Xaricə istirahətə gedənlər azalıb'-Media icmalı


Monopoliya
Monopoliya

İstixana komplekslərinin ixracda rolu, ümumi daxili məhsulda (ÜDM) turizmin payı, monopoliya ilə mübarizə və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Yeni agentlikdən gözləntilər

«Yeni Müsavat» qəzetində «Yeni agentlik bazardakı monopoliyanı dağıda biləcəkmi?» sualı gündəmə daşınır.

Yazıda xatırladılıb ki, bu yaxınlarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Bu qurum texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyət sahibi sayılır.

Müəllif adıçəkilən qurumun fəaliyyətinin bazarlara mümkün təsirlərini ekspertlərlə müzakirə edib.

Ekspert Anar Rzayev deyib ki, bu qurumun iki əsas funksiyası var: «Bu qurumun əsas funksiyası bazarda süni inhisarların yaranmaması və ona nəzarətdir. İkinci əsas funksiya isə istehlakçı hüquqlarının qorunmasıdır. İnhisarların yaranması bazar üçün çox mənfi haldır. Yeni yaradılan agentlik də məhz bu istiqamətdə fəaliyyət göstərib, monopoliya hallarının qarşısını ala bilər».

İqtisadçı-ekspert Natiq Cəfərli isə belə bir qurumun yaradılmasına ehtiyac olmadığını deyib. Onun fikrincə, istehlak bazarına nəzarət edilməsində ən yaxşı vasitə rəqabətli mühitin yaradılmasıdır: «Dövlətin borcudur ki, bu mühiti yaratsın, bütün bazar oyunçularından eyni məsafədə dayansın, ədalətli hakim rolunu oynasın. Əgər istehlak bazarında hər hansı problem yaşanırsa, dünya təcrübəsində olduğu kimi, bunu ya qeyri-hökumət təşkilatları (QHT) üzə çıxarmalıdır, ya da istehlakçılar aşkarlayıb məhkəmələrə müraciət edirlər. Bunun müqabilində də kompensasiya alırlar».

Ekspertə görə, burada dövlətin istehlak bazarına nəzarət mexanizmlərinin nədən ibarət olduğu da bilinmir. Onun fikrincə, əgər bazarda qiymət siyasətini həyata keçirəcəklərsə, bu, doğru deyil.

Turistlər
Turistlər

Turizmin ÜDM-də payı

«Novoye Vremya» qəzetində «Daxili turizm var, amma statistika yoxdur» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, statistikaya görə, son illər Azərbaycan vətəndaşlarından istirahət məqsədi ilə xaricə gedənlərin sayında azalma var.

Müəllifə görə, artıq bir çox insanlar ölkə daxilində turizmə üstünlük verirlər. Yazıda vurğulanır ki, amma daxildə bunun statistikası yoxdur: «Ölkəyə xaricdən nə qədər turist gəlməsi, nə qədər xərcləmələri haqda kifayət qədər statistik göstəricilər var. Amma daxili turizm barədə statistika yoxdur».

Yazıda qeyd edildiyinə görə, bu günlər rəsmi qurumlar bildirib ki, bu ilin aprel ayında turizm sahəsində müsbət saldoya çıxıblar, Azərbaycan vətəndaşları ölkə daxilində istirahətə üstünlük verirlər.

Amma müəllif vurğulayıb ki, bu nəticəyə hansı statistik göstəricilərə əsasən gəlindiyi bəlli deyil: «Hələlik məmurların Azərbaycan vətəndaşlarının ölkə daxilində daha çox istirahət etməyə üstünlük verməsi barədə dediklərinə inanırıq. Statistika olmadığı üçün, sorğular da keçirilmir və ona görə də bu sahədə heç nə aydın deyil».

Müəllif turizm sahəsində Azərbaycanla Gürcüstan arasında paralellər aparır. Yazıda bildirilir ki, turizmin ümumi daxili məhsulda (ÜDM) payına gəlincə, 2017-ci ildə bu, Gürcüstanda 7 faiz təşkil edib. Bu da 2016-cı il ilə müqayisədə çoxdur. Azərbaycanda isə bu rəqəm azdır.

Müəllifin yazmasına görə, Azərbaycanda yalnız 2025-ci ildə bunu 8 faizə qaldırmağı düşünürlər.

İstixana
İstixana

İxrac imkanlarından biri-istixanalar

«Azərbaycan» qəzetində «İstixanalar il boyu ixrac imkanı yaradır» sərlövhəli yazı dərc edilib.

Müəllif xatırladıb ki, sovet dönəmində istixanalar, əsasən, Abşeronda yaradılırdı. O zamanlar Bakı və ətraf qəsəbələrdə istixanalarda tərəvəzlə yanaşı, gül də yetişdirilirdi: «Xüsusən qış aylarında Moskva və digər böyük şəhərlərdə satılan təzə tərəvəzin və gülün əksəriyyəti Azərbaycandan gedirdi. Müxtəlif qadağalara baxmayaraq, bu işdən dövlət təsərrüfatları ilə yanaşı, ayrı-ayrı şəxslər də yaxşı gəlir əldə edirdilər».

Müəllif vurğulayıb ki, indi isə ölkədə bu komplekslərin tətbiqinə dövlət özü vəsait ayırır və təkcə son illər Bakıətrafı qəsəbələrdə 32 müasir istixana kompleksi yaradılıb.

Yazıda bildirilir ki, bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu 95.8 milyon manat güzəştli kredit ayırıb. Bu sahədə 2016-cı ildə təkcə pomidor ixracından 94 milyon, 2017-ci ildə isə 151 milyon dollar gəlir əldə edildiyi vurğulanır.

Müəllifin bildirməsinə görə, hazırda ölkə üzrə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var: «Bunun 2 min 463 hektarı mövcud, 463 hektarı tikilməkdə olan istixanalardır. Ötən il avqustun 1-dək istixana təsərrüfatlarında ümumilikdə 302.3 min ton tərəvəz məhsulları yetişdirilib ki, onun da çox hissəsi xarici bazarda satılıb...».

XS
SM
MD
LG