Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:15

Ermənistan: Hakim partiya geri çəkilir - VİDEO, FOTOLAR


Yerevanda nümayişlər, 2 may, 2018-ci il
Yerevanda nümayişlər, 2 may, 2018-ci il

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan hakim Respublikaçı Partiyanın mayın 8-də keçiriləcək parlament səsverməsində onun baş nazirliyə nominsasiyasını dəstəkləyəcəyinə dair verdiyi işarəni təmkinli bir şəkildə alqışlayıb.

Paşinyan mayın 2-də Respublika meydanında keçirilən mitinqdə deyib ki, “bu hələ yalnız sözlə verilmiş bəyanatdır”. Onun dediyinə görə hakim partiyanın vədini reallıqda yerinə yetirməsi üçün hələ də görüşlərə ehtiyac var.

Bununla belə, Paşinyan tərəfdarlarını mayın 3-də tətil və etiraz hərəkətlərini müvəqqəti dayandırmağa çağırıb. Paşinyan tərəfdarlarına “istirahət edək” deyib:

“Əgər bu gün baş verən siyasi hadisələri nəzərə alsaq, sizin namizədinizin ikinci səsvermədə baş nazir seçilməsi məsələsi praktik baxımdan həllini tapıb”.

***

Bundan əvvəl hakim Respublikaçı Partiyanın parlament fraksiyasının rəhbəri Vahram Bağdasaryan demişdi ki, onun partiyası parlamentdə mayın 8-də keçiriləcək təkrar səsvermədə baş nazirliyə öz namizədini irəli sürməyəcək və “kimliyindən asılı olmayaraq” millət vəkillərinin üçdə birinin dəstəyini qazanmış namizədə səs verəcək.

Bağdasaryan deyib ki, Respublikaçı Partiya bu qərarı ölkədə Nikol Paşinyanın çağırdığı tətillə əlaqədar yaranmış böhranın aradan qaldırılması naminə qəbul edib.

Hakim partiyanın parlamentdəki fraksiyası bu qərarı mayın 2-də qəbul edib. Bundan bir gün əvvəl fraksiya Paşinyanın əleyhinə səs verərək onun baş nazir seçilməsini bloklamışdı.

Bağdasaryanın bəyanatından bir neçə dəqiqə əvvəl parlamentdəki müxalifət bütün fraksiyaların Paşinyanı dəstəklədiyini və ona mayın 8-də minimum 35 səs veriləcəyini elan etmişdi.

Paşinyan və müxalif Tsarukyan alyansının mayın 2-də Yerevanda birgə keçirdiyi mətbuat konfransında alyansın lideri Qagik Tsarukyan baş nazirliyə Paşinyanın nominasiyasını dəstəkləyəcəyini bildirib.

Paşinyanın Yolk fraksiyasının parlamentdə 9, Tsarukyanın isə 31 mandatı var.

Beləliklə hakim partiyanın haqqında bəhs etdiyi “üçdə bir şərti” yerinə yetrilmiş ola bilər.

***

Ermənistan müxalifətinin lideri Nikol Pashinian-ın tərəfdarları bu gün – mayın 2-də səhərdən Yerevanda və digər şəhərlərdə vətəndaş itaətsizliyi aksiyalarına başlayıblar.

AzadlıqRadiosu-nun erməni xidməti xəbər verir ki, bir qrup vətəndaş səhərdən “Zvartnots” aeroportuna gedən yolu kəsiblər. Bu aksiya gərginlik yaradıb, hadisə yerinə polis əməkdaşları gəlib.

ƏTRAFLI: Nikol Pashinian bütün Ermənistanı tətilə çağırdı (Video)

***

Nikol Pashinian Facebook səhifəsində tərəfdarlarını yerli vaxtla axşam saat 5-də bütün yolları açmağa, 7-də isə Respublika meydanına yığışmağa çağırıb. O deyib ki, mitinqdə “çox vacib” bəyanatlar veriləcək.

***

Pashinian tərəfdarlarını Yerevan vaxtıyla günorta 2-də aeroport yolunu açmağa çağırıb.

Gürcüstan və İranla sərhədə aparan magistral yolların da bağlandığı xəbər verilir.

Ancaq müxalifət lideri tərəfdarlarını zorakılıqdan çəkinməyə çağırıb. “Bu prosesin de yure qələbəylə bitəcəyini anlayırıq. Bütün hərəkətlərimiz dinc olmalıdır”, – Pashinian Facebook səhifəsində canlı yayımda deyib.
Yerevanda metronun bir çox stansiyalarına girişin bağlandığı, dəmiryolunun fəaliyyətinin də əngəlləndiyi bildirilir.

Dəmiryolu tamamilə işləmir”, – Cənubi Qafqaz Dəmiryolu idarəsinin sözçüsü Vardan Aloian Rusiyanın Interfax xəbər agentliyinə deyib.

Bəzi yerlərdə təhlükəsizlik işçiləri görünsələr də, onların nümayişçilərin işinə hər hansı müdaxiləsi barədə məlumat yoxdur.

Ararat bölgəsindəki Masis şəhərində tələbə və məktəblilərin tətilə qoşulduğu, şəhər meriyası qarşısında etiraz etdiyi bildirilir.

Yerevanda Respublika Meydanında etirazçılar
Yerevanda Respublika Meydanında etirazçılar

Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda isə etirazçılar meriyanın və region qubernatorluğunun binalarına girişi tutublar.

Ölkənin digər şəhərlərindən, yaşayış məntəqələrindən vətəndaş itaətsizliyi aksiyaları barədə xəbərlər gəlir.

***

Bir çox şirkətlərdə fəhlələrin ümumxalq tətilinə qoşulduğu bildirilir.

Ermənistan prezidenti Armen Sarkisian isə böhranı həll etmək üçün danışıqlar aparmağa çağırıb.

Siyasi böhranın hələ də davam etməsinə təəssüflənirəm, baxmayaraq ki, hamı bunun ölkənin gələcəyindən ötrü necə təhlükəli olmasından danışır”, – Sarkisian bəyanatında deyib.

Yeganə hakimiyyətim xalqdır. Biz təslim olmayacağıq. Tətilimizi, itaətsizliyi davam etdirəcəyik”, – bunu isə etirazçılara qoşulmuş Pashinian deyib.

O, parlamentdə 8 may səsverməsi öncəsi baş nazirliyə namizədliyini bir də verib-verməyəcəyini, hələlik, qərarlaşdırmadığını vurğulayıb.

Düşünəcəyik, danışıqlar aparacağıq. Bu, konkret durumdan asılı olacaq”, – Pashinian deyib.

***

Yerevanda böyük bir etirazçı qrupuyla birlikdə hərəkət edən Pashinian meqafonla tərəfdarlarına müraciət edib, onları Müdafiə Nazirliyinin bütün maşınlarına, eləcə də fövqəladə xidmətə yol verməyə çağırıb. O, tərəfdarlarına onu da deyib ki, ordunun təchizat xətlərini, Ermənistanla Dağlıq Qarabağı birləşdirən iki strateji magistralı bağlamasınlar.

Ermənistanla Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

***

Mayın 1-də axşam Ermənistan parlamenti Pashinian-ın baş nazir olmasının əleyhinə səs verib. O da Ermənistan vətəndaşlarını yolları, metronu, dəmiryol xəttini, aeroportu, dövlətlər və vilayətlərarası magistral yolları, “qapadılması mümkün hər şeyi” bağlamağa çağırıb.

Pashinian həmçinin təhsil ocaqlarında, dövlət idarələrində tətillərə səsləyib.

Gənc aktyorlar da etiraz edir
Gənc aktyorlar da etiraz edir

***

AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, metronun “Yeritasardakan” (“Gənclik”) stansiyası bağlanıb.

Aralarında tanınmış vəkillər də olan vətəndaşlar hökumət binalarından birinə girişi avtomobilləri ilə bağlayıblar. Bu binada Təhsil və Elm, Mədəniyyət, Diaspor nazirlikləri yerləşir.

***

Yerevanın digər yerlərində tələbə qrupları küçələrə çıxıblar, bəziləri universitet kampuslarına gedərək tələbələri tətilə qoşulmağa çağırıb.

Parlamentdə ikinci səsvermə mayın 8-nə təyin olunub.

Nikol Pashinyan mayın 1-də axşam parlamentdəki səsvermədən sonra etirazçılara qoşulur
Nikol Pashinyan mayın 1-də axşam parlamentdəki səsvermədən sonra etirazçılara qoşulur

Hakim partiyanın parlament fraksiyasının rəhbəri Vahram Baghdasarian və Pashinian səsvermədən öncə danışıqların keçiriləcəyini bildiriblər.
Əgər mayın 8-də də baş nazir təsdiqlənməsə, qanunverici orqan avtomatik olaraq buraxılacaq və erkən seçki təyin olunacaq, seçki prosesini isə Respublikaçı Partiyanın rəhbərlik etdiyi müvəqqəti hökumət gerçəkləşdirəcək.

Pashinian isə israr edir ki, azad, ədalətli və şəffaf seçkini yalnız “xalqın namizədi”nin – onun özünün rəhbərlik etdiyi aralıq hökumət təşkil edə və keçirə bilər.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini mayın 1-d verdiyi bəyanatda bütün siyasi qüvvələri 8 may ikinci səsvermə öncəsi “hərtərəfli dialoq” aparmağa çağırıb.

Avropa Birliyi Ermənistanın firavan və demokratik cəmiyyət qurmaq cəhdlərini dəstəkləyir”, – Mogherini-nin sözçüsü Maja Kocijancic deyib.

Ermənistanla AB-nin assosiasiya sazişi imzalaması 2013-cü ildə təxirə salınıb, ancaq yenilənmiş Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi 2017-ci ilin fevralında imzalanıb.

***

Keçmş baş nazir Serzh Sarkisian 10 il prezident olandan sonra baş nazir postuna keçdi, ancaq dinc etirazlar sonucunda, aprelin 23-də istefa verməli oldu. Konstitusiyaya dəyişikliklər isə artıq baş nazirin səlahiyyətlərini genişləndirmiş, prezidentinkini məhdudlaşdırmışdı. Elə opponentləri də etirazları bu səbəbdən başlatdı, onlar deyirlər ki, yeni sistem Sarkisian-ın qeyri-müəyyən müddətə ölkə lideri postunda qalmasına imkan verərdi.

Pashinian mayın 1-də parlamentdəki ssəvermədə baş nazirliyə namizədliyi irəli sürülmüş yeganə siyasətçi idi. Parlament 45-55 nisbəti ilə onun əleyhinə səs verdi. Pashinian-ın sadə çoxluğu qazanmaq üçün 8 səsi çatmayıb. Hakim Respublikaçı Partiya (HHK) onu dəstəkləməyib.

Buna cavab olaraq Pashinian deyib ki, Respublikaçı Partiya və onun parlament fraksiyası “öz-özünü geriyədönülməz şəkildə məhv etdi” və onun namizədliyini dəstəkləməməklə “öz xalqına qarşı müharibə elan etdi”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG