Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

...İranın nüvə silahı üzərində işləməsinə “etibarlı dəlil yoxdur”


Netanyahu İranın iddia olunan nüvə arxivini göstərərkən
Netanyahu İranın iddia olunan nüvə arxivini göstərərkən

İranın 2009-cu ildən sonra nüvə “partlayıcı qurğusu” hazırlamaq üzərində işləməsinə dair “etibarı dəlil” yoxdur. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) deyir. BMT-nin nüvə nəzarət qurumunun bildirməsinə görə, 2015-ci ilin dekabrında hesabatını təqdim edəndən sonra bu məsələni “qapanmış” sayıb.

2015-ci il hesabatında agentlik bildirirdi ki, İranın 2009-cu ildən sonra nüvə partlayıcı qurğusu üzərində işləməsinin “etibarlı əlaməti aşkarlanmayıb”.

Elə 2015-ci ildə nüvə sazişi imzalanandan sonra da BMT-nin nüvə müfəttişləri dəfələrlə İranın sazişin şərtlərinə əməl etdiyini bildiriblər.

“Reuters” mayın 1-də İsrailin aparıcı rəsmisinə istinadla xəbər verib ki, Netanhayu martın 5-də Vaşinqtona səfəri zamanı Trump-a İranla bağlı dəlillər haqda məlumat verib və ABŞ prezidenti həmin informasiyanın mayın 12-dən öncə açıqlanmasına razılaşıb.

Netanyahu mayın 1-də CNN-ə müsahibəsində söyləyib ki, İranla müharibəyə girişmək istəmir, ancaq “regionda qaydaları dəyişən” Tehrandır.

***

İran İsrailin baş naziri Benjamin Netanyahu-nu “ləyaqətsiz yalançı” adlandırıb. Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Ghasemi mayın 1-də deyib ki, Tehranın öz nüvə ambisiyaları haqda yalan danışmaqda suçlanması “işlənmiş, faydasız və utancvericidir”, bunları “təqdim etməyə yalandan başqa bir şeyi olmayan məğlub, ləyaqətsiz yalançı” dilə gətirib.

Fransanın Xarici İşlər Nazirliyi isə mayın 1-də bildirib ki, İsrailin verdiyi informasiya Tehranın nüvə fəaliyyətinin uzunmüddətli monitorinqi üçün əsas ola bilər, belə ki, bu informasiya nüvə sazişinin və BMT-nin təftişlərinin saxlanmasına ehtiyacı sübuta yetirmiş olur.

***

Avropa ölkələri İsrailin İranın nə vaxtsa nüvə silahı hazırlamağa çalışmasıyla bağlı sübutunun əhəmiyyətini azaldıb. Birləşmiş Ştatlarsa bunu İranın “yalanları”nın sübutu adlandırıb.

Sənədlər göstərir ki, İranın illər boyunca gizli nüvə silahları proqramı olub, ancaq özü bunu təkzib edib”, – ABŞ-ın dövlət katibi Mike Pompeo aprelin 30-da axşam, Avropa və Yaxın Şərqə səfərdən Vaşinqtona qayıdarkən deyib.

“BEŞ HİROŞİMA BOMBASINA BƏRABƏR”

Dünən – aprelin 30-da İsrailin baş naziri Benjamin Netanyahu bəyan edib ki, İranın 2004-cü ilədək nüvə silahları hazırlamağa çalışmasını göstərən sənədləri əldə ediblər.

***Buna da bax: Netanyahu deyir ki, İranın ‘məxfi nüvə sənədlərini’ ələ keçirib

ABŞ prezidenti Donald Trump mayın 12-dək nüvə sazişindən çıxıb-çıxmamaqla bağlı qərar verməlidir. 2015-ci ildə imzalanmış nüvə sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Necə də uyğun zaman seçilib. İddia olunan kəşfiyyat məlumatları koordinasiya olunmuş vaxtda açıqlanır”, – İranın xarici işlər naziri Javad Zarif Twitter-də yazıb. O, İsrailin iddialarını “gülünc” adlandırıb.

Avropa ölkələri isə bildiriblər ki, Netanyahu-nun iddia etdiyi 55 min sənəd onlarda təəssürat yaratmayıb. Netanyahu-nun iddiasına görə, İran nə vaxtsa “ballistik raketlərə yerləşdirməyə beş Hiroşima bombasına bərabər” bomba hazırlamağı planlaşdırıb.

“SADƏLÖVH OLMAMIŞIQ”

Heç vaxt İran və onun nüvə niyyətlərinə sadəlövh yanaşmamışıq”, – Britaniya hökumətinin sözçüsü belə deyib. Onun sözlərinə görə, elə bu səbəbdən də nüvə razılşmasında İranın şübhəli nüvə obyektlərinin təftişi də nəzərdə tutulub.

İranla nüvə sazişini Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Birləşmiş Ştatlar imzalayıb.

Avropa rəsmilərinin deməsinə görə, İsrailin ortaya qoyduğu sənədlər İranın 2015-ci ildə nüvə sazişi imzalanandan sonra nüvə silahı hazırlamasına dəlil göstərmir, yəni bu sənədlər elə dolaysı yolla İranın nüvə sazişinə əməl etdiyini təsdiqləmiş olur.

***Buna da bax: İranda Telegram rəsmən qadağan edildi

Netanyahu aprelin 30-da Rusiya prezidenti Vladimir Putin-lə də danışıb. Kremlin sonradan yaydığı bəyanata görə, Putin deyib ki, nüvə sazişi “beynəlxalq sabitlik və təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır, imzalayan tərəflər ona ciddi əməl etməlidirlər”.

Ağ ev İsrailin açıqlamasını alqışlayıb. Prezident Donald Trump isə Ağ evdə bildirib ki, “yeddi ildən sonra, nüvə sazişinin vaxtı bitincə İran yenə işinə davam edəcək, nüvə silahları yaradacaq. Bu qəbuledilməzdir”.

Bəzi müşahidəçilərin qənaətincə, Trump mayın 12-də Birləşmiş Ştatların nüvə sazişindən çıxması yönündə addım atacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG