Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:19

İranda Telegram rəsmən qadağan edildi


Fars xəbər agentliyinin Telegram messenceri
Fars xəbər agentliyinin Telegram messenceri

İran dövlət mediasının verdiyi xəbərlərə görə ölkə ədliyyəsi Telegram mesajlaşma aplikasiyasını qadağan edib. Bu barədə məhkəmə qərarında deyilir ki, Telegram-dan küçə iğtişaşlarının və etirazlarının təşkili üçün istifadə edilib.

Tehrandakı Mədəniyyət və Media Məhkəməsinin çıxardığı qərarda İranın bütün provayderlərinə Telegram-ın internet saytının və aplikasiyasının aprelin 30-dan etibarən bloklanması göstərişi verilir.

Mizanonline saytı ədliyyə rəhbərliyinə istinadən bildirir ki, “Telegram müxtəlif cinayətləri törədən insanlar üçün sığınacağa çevrilib”.

Məhkəmə hökmündə qeyd edilir ki, ölkədə ötən ilin dekabrı və bu ilin yanvarında baş vermiş antihökumət etirazları, o cümlədən 2017-ci ilin iyununda parlamentin binasına və Ayətüllah Ruhulla Xomeyni məqbərəsinə hücumlar Telegram-dan istifadə ilə təşkil olunub.

Dövlət televiziyası isə bildirir ki, iranlılara Telegram-dan istifadənin qadağan edilməsi ölkənin milli təhlükəsizliyi ilə bağlıdır.

Müşahidəçilər bildirirlər ki, Telegram-ın qadağan edilməsi beynəlxalq insan haqları təşkilatları tərəfindən Tehranın ifadə azadlığını boğması kimi qiymətləndiriləcək.

Bəzi təxminlərə görə İranda siyasətçilər və bizneslər də daxil 40 milyon insan bu aplikasiyadan istifadə edir.

İranın hakimiyyət orqanları Telegram-ı artıq bir dəfə bu ilin əvvəllərində, ölkə boyunca etiraz aksiyaları keçiriləndə bloklamışdı. Buna baxmayaraq iranlılar Telegram-dan dolayısı ilə istifadəni davam etdirirdilər.

XS
SM
MD
LG