Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 03:52

Eldar Mahmudov məhkəməyə verildi


E.Mahmudov

MTN işi üzrə zərərçəkmişlərdən Mətləb Mustafayev keçmiş nazir Eldar Mahmudovu məhkəməyə verib. Bu barədə jurnalistlərə zərərçəkmiş özü bildirib.

M.Mustafayev MTN-in Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyevlə bağlı cinayət işində zərərçəkmişdir. Cinayət işinin materiallarında yazılıb ki, onun evinə silah atıb, qanunsuz həbs ediblər.

M.Mustafayevin həbsindən sonra onun MTN-də işləyən qardaşı, polkovnik Malik Mustafayev intihar edib. Keçmiş general E.Quliyev həm də onu intihar həddinə çatdırmaqda ittiham olunur.

M.Mustafayev qanunsuz silah saxlama ittihamı ilə iki il azadlıqdan məhrum edilib, apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyatdan, vəzifəli şəxslərin həbsindən sonra Ali Məhkəmə Mustafayev haqqında hökmü ləğv edib. Bakı Apellyasiya Məhkəməsi isə işə yenidən baxıb ona bəraət verib.

M.Mustafayev Dövlət Əmlak Komitəsində, «Azərsu»da çalışıb. Onun iddiasına görə, E.Quliyev mərhum M.Mustafayevi yanına çağırıb, ondan tələb edib ki, «qardaşın vəzifəli şəxslər haqqında məlumatlar versin».

E.Quliyevin vəkili isə bildirib ki, Mustafayev qardaşlarının həbsində və ölümündə hüquqlarını müdafiə etdiyi şəxsin günahı yoxdur. Vəkilin sözlərinə görə, M.Mustafayevin evində əməliyyat-axtarış tədbiri keçirilməsi barədə göstərişi nazir E.Mahmudov vermişdi.

M.Mustafayev məhkəmə iddiasında qanunsuz həbsinə görə sabiq nazirdən 100 min manat təzminat tələb edir. Onun sözlərinə görə, bu işə aprelin 24-də Yasamal Rayon Məhkəməsində hakim Sərdar Mehrəliyev baxacaq.

Zərərçəkmiş deyir ki, MTN-in İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevi də məhkəməyə verib. Mayın 1-də Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov bu işə baxacaq.

İddiaçı Mustafayev hər iki iş üzrə Maliyyə Nazirliyinin də üçüncü şəxs qismində prosesə cəlb olunmasını istəyib. Çünki ona qarşı qanunsuzluq baş verdiyi dövrdə cavabdehlər vəzifəli şəxslər olublar.

XS
SM
MD
LG