Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:33

Qədim dövrə aid bəzək əşyaları tapılıb


Bəzək əşyaları

Azərbaycan alimləri Goranboy, Şəmkir, Tovuz, Ağstafa rayonlarında eramızdan əvvəl 1-ci minilliyə aid olduğu bildirilən qızıldan hazırlanmış bəzək əşyaları aşkar ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məlumatına görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblin rəhbərlik etdiyi qrup adıçəkilən rayonlarda araşdırmalar aparıb.

Araşdırmaların məqsədi orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyətinin yoxlanılması, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsinin müəyyənləşdirilməsi olub. Qrup bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyini qeydə alıb.

Alimlər təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalan qədim qəbir abidələrində qızıldan, tuncdan hazırlanan bir cüt sırğa, üzük, armudları, boru şəkilli muncuqlar, asma bəzək əşyaları aşkar ediblər.

Məlumatda vurğulanır ki, bu əşyalarla yanaşı, saxsı qabların fraqmentlərindən ibarət keramika məmulatı əsasında həmin bəzək nümunələrinin erkən dəmir dövrünə - eramızdan əvvəl 1-ci minilliyin birinci yarısına aid olduğu müəyyən edilib.

AMEA bildirir ki, bu tapıntılar hələ 2700-3000 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir.

Multimedia

XS
SM
MD
LG