Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 04:43

Hüquq müdafiəçisi dindirilib [VIDEO]


Hüquq müdafiəçisi dindirilib
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Hüquq müdafiəçisi dindirilib

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün, aprelin 16-da Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ifadə verib.

DİN-ə çağırılması, ifadəsinin alınması haqda AzadlıqRadiosuna hüquq müdafiəçisinin özü məlumat verib.

Rəsmi bildirişlə DİN-ə dəvət edildiyini qeyd edən Gülalıyev deyib ki, onu aidiyyatı olmayan bir cinayət işinə görə çağırıblar. Hüquq müdafiəçisi DİN-də şahid qismində ifadə verdiyini söyləyib.

“DİN-də olmağım 2 saatdan çox çəkdi. Mənə aid olmayan bir cinayət işi ilə əlaqədar çağırılmışdım. Bununla əlaqədar olaraq suallara cavab verdim. Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur”, deyən hüquq müdafiəçisi cinayət işinin detalları haqda danışmayıb.

“Məndən sualların məzmununu açıqlamayacağmla bağlı iltizam alındı”, deyən Gülalıyev hesab edir ki, DİN-də sorğu-sual edilməsi əslində fəaliyyəti, sosial şəbəkələrdəki çıxışları ilə bağlıdır.

“Çağırılmağım əslində fəaliyyətim, Facebook-dakı yazılarımla bağlıdır. Həmin açıqlamalarım son vaxtlar müxalifətçi gənc Fatimə Mövlamlı ilə bağlı olub. Dünən daxili işlər nazirinə, baş prokurora bu işlə bağlı müraciətim də olmuşdu. ”, hüquq müdafiəçisi qeyd edib.

Gülalıyevin ifadəsinin alınması ilə bağlı rəsmi açıqlama verilməyib.

Bu barədə hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Hüquq müdafiəçisinin adını çəkdiyi Fatimə Mövlamlı müxalifətçidir. Ötən ayın sonunda yaxınlarına istinadən onun yoxa çıxması haqda xəbərlər yayılmışdı. Onun Milli Şura və Müsavat Partiyasının mitinqindən sonra həbs edildiyi güman edilirdi.

Bundan əvvəl isə onun özü gənclərin keçirdiyi “ Diktatoru tanıdaq” aksiyasına görə, polisə çağırılaraq hədələndiyini açıqlamışdı.

Bu, açıqlamaya da hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmamışdı.

Aprelin 5-də Gülalıyev də daxil olmaqla hüquq müdafiəçiləri, siyasi partiya təmsilçiləri, ictimai fəallar tədbir keçirərək, Mövlamlının yoxa çıxmasından narahatlıq ifadə etmişdilər.

Ancaq elə həmin gün axşam Fatimə Mövlamlı Facebook səhifəsində öz videomüraciətini paylaşmışdı. Orada gənc qız bildirmişdi ki, son 4-5 gündə şəxsi həyatında problemlər olduğundan telefonunu söndürüb və rəfiqəsi ilə birgə qalıb.

Fatimə Mövlamlı yoxa çıxması barədə sosial şəbəkələrdə barəsində yayılan məlumatların əsassız olduğunu bildirmişdi.

Bununla belə, Mövlamlı sonra yenidən videomüraciət yayıb. O, həmin müraciətində isə aprelin 5-dəki çıxışını təkzib edib və bildirib ki, martın 31-də tutularaq 5 gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində saxlanıb.

Gənc qız həmçinin, açıqlamasında onun vasitəsilə AXCP-nin gənc fəallarına təxribat hazırlandığını iddia etmişdi.

Onun bu açıqlamasına da Daxili İşlər Nazirliyindən, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb.

***

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Daxili İşlər Nazikliyinə (DİN) çağrılıb.

Bu haqda onun özü məlumat yayıb.

O.Gülalıyevin bildirdiyinə görə, nazirlikdən onun İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində olmasını istəyiblər: «Hansısa cinayət işinə görə çağırdıqlarını bildirdilər. Rəsmi çağırış vərəqəsi təqdim etdilər».

O.Gülalıyev deyib ki, bu gün, aprelin 16-da, saat 16:00-da adıçəkilən idarədə olacaq. O, DİN-ə çağrılmasının əsl səbəbləri barədə məlumatsız olduğunu ifadə edib.

Bu gün, aprelin 16-da AXCP üzvü Emil Səlimov da Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə çağrıldığını açıqlayıb.

«İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən zəng vurub məni gizli saxladıqları hansısa işlə bağlı şahid qismində ifadə vermək üçün dəvət etdilər. Vəkillə idarəyə gedəcəm. Amma əminliklə bildirirəm ki, şəxsimlə bağlı hazırlanacaq olan hər hansı iş bəri başdan quramadır və siyası fəaliyyətimlə bağlıdır», - deyən E.Səlimov ona hansısa təxribat hazırlandığını düşündüyünü ifadə edib.

Məsələyə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG