Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Etirazlara baxmayaraq Sarkisyan baş nazir oldu (VIDEO)


Serj Sarkisyan
Serj Sarkisyan

Ermənistan parlamenti kütləvi etirazlara və “məxməri inqilab” çağırışına baxmayaraq Serj Sarkisyanı baş nazir seçib. Beləliklə, Sarkisyanın hakimiyyətdə qalması təmin olunub.

Aprelin 17-də Ermənistan parlamentində keçirilən səsvermədə Sarkisyan 76-17 nisbəti ilə baş nazir seçilib. Ölkə qanunlarına edilmiş dəyişiklik baş naziri siyasi hakimiyyətin birinci fiquru edir.

Bundan əvvəl, indi daha çox mərasim funksiyaları daşıyan prezidentlik növbəti 7 il ərzində Armen Sarkisyana keçib.

Ermənistandakı etirazların lideri “məxməri inqilab”a çağırıb. Bu arada polisin azı 80 fəalı saxladığı xəbər verilir.

Bu gün məxməri inqilabın, dinc xalq inqilabının başlandığını elan edirəm”, – kamuflyaj qısaqol köynək geyinmiş Pashinian deyib.

Ölkədə inqilabi durum yaranıb. Nümayişçilər küçələri, magistral yolları bağlayıblar. Adamlar işə getmirlər, kütləvi tətillər başlanıb”, – o, sözlərinə əlavə edib.

Nikol Paşinyan tərəfdarları ilə
Nikol Paşinyan tərəfdarları ilə

***

Ermənistanda polis azı 29 fəalı saxlayıb. Hüquq mühafizə orqanları itaətsizliyin yatırdılacağını bildirsə də, yüzlərlə nümayişçi aprelin 17-də səhər Yerevanın mərkəzində küçələri bağlayıblar.

Polis rəisinin müavini Fransa meydanında etirazların lideri Nikol Pashinian-a xəbərdarlıq təqdim edib. Xəbərdarlıq bildirişində deyilir ki, etirazçılar ictimai toplantılar haqda qanunvericiliyi pozublar və hakimiyyət nümayişləri dayandırmaq qərarına gəlib.

Pashinian xəbərdarlığı oxumadan cırıb və “tam itaətsizlik” kampaniyasının başladığını deyib.

Bu arada Sarkisian parlamentdə deputatlar qarşısında çıxış edir. Polisin isə azı 29 fəalı nəzarətə aldığı bildirilir.

***

Ermənistanda müxalifət lideri nümayişçiləri aprelin 17-də küçələrə qayıtmağa çağırıb. Nikol Pashinian-ın çağırışndan bir gün öncə isə ölkədə etirazçılarla polis arasında toqquşmalar baş verib.

Keçmiş prezident Serzh Sarkisian-ın baş nazir postuna keçməsi planına etiraz edən bir qrup aprelin 17-də səhər tezdən Yerevanın mərkəzində, polis əməkdaşlarının qarşısında çadır qurub. İki cəbhəni tikanlı məftillər ayırır.

Səhiyyə Nazirliyinin məlumatına görə, 16 aprel toqquşmalarından sonra azı 46 nəfərə tibbi yardım göstərilib. Onlardan altısı polis əməkdaşlarıdır.

Pashinian özü də aprelin 16-da xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ancaq müxalifətçi deputat xəstəxanadan çıxaraq nümayişlərə qayıdıb, kütləni etirazı ertəsi gün davam etdirməyə səsləyib.

Parlamentə bütün girişləri qapatmalıyıq”, – o deyib.

***

Ermənistanda millət vəkilləri Serj Sarkisyanı baş nazir vəzifəsinə nominasiya etdikdən sonra paytaxt Yerevanda bu qərara etiraz edən nümayişçilərlə iğtişaş polisi arasında toqquşmalar olub. Tənqidçilər Sarkisyanın baş nazir təyin edilməsini onun hakimiyyətinin uzadılması vasitəsi kimi qiymətləndirilər.

Etirazlara rəhbərlik edən Nikol Paşinyan aprelin 16-dı kəsik yaraları və gözünün zədələnməsinə görə xəstəxanaya aparılıb. Polis millət vəkili Paşinyanın və onun tərəfdarlarının parlamentə daxil olmasının qarşısını alıb.

Paşinyanın xanımı AzadlıqRadiosuna deyib ki, Nairi Tibb Mərkəzində müalicə olunan əri tezliklə qayıdaraq minlərlə etirazçıya qoşulacağını bildirib.

Prezidentlik müddəti bir neçə gün bundan əvvəl başa çatmış Sarkisyanın baş nazirliyə nominasiya edilməsinə etiraz nümayişləri aprelin 13-dən bəri davam edir.

Aprelin 16-da hakim Respublikaçı Partiya və onun müttəfiqi Erməni İnqilabi Federasiyası – Daşnaksutyun Sarkisyanın baş nazirliyə nominasiyasına yekdilliklə səs verib.

Ermənistan bayraqlarını dalğalandıran minlərlə nümayişçi Milli Məclisə aparan əsas küçəni – marşal Baqramyan prospektini bağlayıb. Burada parlamentə gedən yolu polis kordonu saxlayır.

Bundan sonra polis kütlənin qarşısını almaq üçün kəsici məftillərdən, gözyaşardıcı qazlardan və səs qumbaralarından istifadə edib.

Etirazlara başçılıq edən Paşinyan deyib: “Ermənistanda nə isə misilsiz bir hadisə baş verir. Eyni adam üçüncü dəfə ölkə başçısı olmaq istəyir. Biz buna yol verə bilmərik”.

***

Ermənistanda deputatlar Serzh Sarkisian-ın baş nazirliyə namizədliyini rəsmən irəli sürüblər. Hakim Ermənistan Respublika Partiyası və Ermənistan İnqilab Federasiyası (Dashnaktsutyun) aprelin 16-da Sarkisian-ın namizədliyini təsdiqləyib.

***

Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian-ın hakimiyyətdə qalmasına qarşı etirazlar artıq dördüncü gündür davam edir. Təşkilatçılar Sarkisian-ın baş nazir keçmək planlarına etiraz olaraq tətillərə və boykota çağırıblar.

Aprelin 16-da Ermənistan paytaxtı Yerevanda müxalifət fəalları bir neçə yolu bağlayıb. Fəallar bir körpüyə çıxışı bağlayıb, eləcə də şəhər mərkəzində bir metro stansiyasına girişi 10 dəqiqəliyə qapadıblar.

“SARKİSİAN ADLI DAHA BÖYÜK NARAHATLIQ”

Etirazlara müxalifətdən olan deputat Nikola Pashinian liderlik edir. O, daha öncə Yerevanın mərkəzində bütün yolların, metro sisteminin, bir neçə körpünün bağlanacağını demiş, “bütün vətəndaşları” aprelin 16-da parlament üzərinə yürüşə çağırmışdı. Pashinian genişmiqyaslı “vətəndaş itaətsizliyi hərəkətlərinə” çağırıb ki, bu da paytaxt Yerevanda ictimai nəqliyyatı iflic edə bilər.

***Buna da bax: Müxalifətçilər Yerevanda çadırlar qurdular. Sarkisyana etirazlar

Polis bu yürüşlərin vətəndaşların azad hərəkət hüququnu pozduğunu, qanunsuz olduğunu bildirib, ancaq etirazlara, hələlik, müdaxilə etməyib.

Etirazçılar
Etirazçılar

Aprelin 13-də minlərlə etirazçı Yerevanda nümayişlərə çıxıb. Onlar 2015-ci ilin dekabrda konstitusiya edilmiş dəyişikliyə etiraz səslərini ucaldırlar. Həmin dəyişiklik prezidentin səlahiyyətini məhdudlaşdırıb, baş nazirinkini gücləndirib.

Müxalifət fəallarının fikrincə, məqsəd Sarkisian-ın iki illik prezidentlik müddəti bitəndən sonra hakimiyyətdə qalmasını təmin etməkdir.

Serzh Sarkisian-la qohumluq bağlı olmayan Armen Sarkisian parlament tərəfindən seçilib və aprelin 9-da and içib.

Hakim Respublikaçı Partiyası Serzh Sarkisian-ın baş nazirliyə namizədliyini verib və aprelin 17-də parlamentin onu bu posta seçəcəyi gözlənir. Elə etirazların məqsədi də sessiyanın keçirilməsinə mane olmaqdır.

Etirazçılar parlamentə aparan Marshal Bagramian prospektini bağlayıblar. Çevik polis alayı kütlənin yolunu kəsib.

***Buna da bax: Ermənistan parlamentində fişəngli aksiya

Ermənistan vətəndaşlarını azad etməyin vaxtı gəlib”, – Pashinian meqafonla bir neçə dəfə təkrarlayıb.

Bu kiçik rahatsızlıqla sizi Serzh Sarkisian adlı daha böyük narahatlıqdan xilas etməyə çalışırıq”, – o əlavə edərək etirazçıları dinc davranmağa çağırıb.

Polis aprelin 16-da səhər yaydığı bəyanatda etirazları qanunsuz adlandırıb, xəbərdarlıq edib ki, “ictimai asayişin kollektiv pozuntuları”yla müşayiət olunan küçə etirazlarını zorla “dayandırmağa” hüquq mühafizə orqanlarının səlahiyyəti çatır.

2008-ci ildə prezident seçilmiş Sarkisian iki müddətə vəzifədə qalıb.

“EYNİ ADAM ÜÇÜNCÜ DƏFƏ LİDER OLMAQ İSTƏYİR”

Serzh Sarkisian 2014-cü ildə vəd eləmişdi ki, ölkəsi prezident sistemindən parlament sisteminə keçsə, baş nazir postuna “iddia etməyəcək”. İndi Pashinian və müxalifətin digər liderləri onu vədini pozmaqda suçlayırlar.

Sarkisian-ın opponentləri Ermənistan hökumətini korrupsiya və iqtisadi səriştəsizlikdə suçlayır. 1991-ci ildə Sovet ittifaqı dağılandan sonra müstəqillik qazanmış Ermənistan yardım, investisiya baxımından Rusiyadan asılıdır.

Hakim partiya üzvləri 64 yaşlı Sarkisian-ın baş nazirə ən yaxşı namizəd olduğunu deyirlər. Onlar özəlliklə, onun Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqlardakı təcrübəsini əsas gətirirlər.

***Buna da bax: Ermənistan Rusiyadan daha 100 milyon dollarlıq silah alır

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda son üç ildə toqquşmalar intensivləşib, 2016-cı ilin aprelində isə dörd gün ərzində əməliyyatlar aparılıb.

Sarkisian aprelin 16-da Rusiyanın “Izvestia” qəzetində dərc olunmuş müsahibəsində deyib ki, namizədliyi təsdiqlənsə, “vaxtının çoxunu illər boyu müxtəlif vəzifələrdə topladığı təcrübəni paylaşmağa sərf edəcək”.

Pashinian və digər etirazçılar isə Sarkisian-ın dediklərinə rişxənd edərək onu hakimiyyəti həyasızcasına ələ keçirməkdə suçlayıblar.

“Ermənistanda misli görünməmiş bir şey baş verir – eyni adam üçüncü dəfə ölkənin lideri olmaq istəyir. Buna yol verə bilmərik”, – Pashinian həftəsonu deyib.

XS
SM
MD
LG