Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:56

Yekaterinburqda jurnalistin pəncərədən yıxılaraq öldüyü bildirilir


Maksim Borodin
Maksim Borodin

Aprelin 12-də Rusiyanın Yekaterinburq şəhərində araşdırmaçı jurnalist beşinci mərtəbədəki mənzilinin pəncərəsindən yıxıldığı bildirilir. 32 yaşlı Maksim Borodin aldığı yaralardan aprelin 15-də xəstəxanada ölüb. Rəsmi versiyaya görə, o, intihar edib

Sverdlovks vilayəti polisinin sözçüsü deyib ki, “bu hadisənin kriminal xarakterli olması ehtimal edilmir”. Onun sözlərinə görə, Borodin-in mənzilinin qapısı içəridən kilidlənib və mənzilə güclə girən olmayıb.

***Buna da bax: Rusiya media orqanları deputatın ‘təmizə çıxarılması’na belə reaksiya verdi

Sözçü deyib ki, mənzildə açarlar tapılıb, ancaq intiharla bağlı qeyd aşkarlanmayıb.

JURNALİST ƏVVƏLCƏ VƏKİL İSTƏYİB...

Jurnalistin əməkdaşlıq etdiyi “Novy Den” qəzetinin baş redaktoru Polina Rumyantseva elə həmin gün deyirdi ki, Borodin-in intihar etməsinə inanmır. Jurnalistin dostu Vyacheslav Bashkov aprelin 15-də Facebook-da yazıb ki, Borodin aprelin 11-də səhər 5-də onunla əlaqə saxlayaraq yaşadığı binanı kamuflyaj geyinmiş maskalı “təhlükəsizlik qüvvələri”nin əhatəyə aldığını bildirib.

O, Borodin-in həyəcanlı, ancaq isterik, ya da içkili olmadığını əlavə edib. Yazdığına görə, Borodin ona deyib ki, görünür, mənzilində axtarış aparmaq istəyirlər, ancaq məhkəmə qərarı gözləyirlər. O, Bashkov-dan ona vəkil tapmasını istəyib.

Borodin bir saat sonra ona zəng edib, səhv anladığını, təhlükəsizik əməkdaşlarının nəsə təlim keçdiklərini söyləyib. Bashkov daha həmkarına zəng etməyib, onun Facebook-da nəsə yazacağını gözləyib, amma ayın 13-də mediadan oxuyub ki, Maksim eyvanının altında tapılıb, reanimasiyaya yerləşdirilib.

Borodin cinayətkarlıq və korrupsiyadan yazırdı. Son həftələr o, fevralda Suriyada döyüşən rusiyalı muzdluların ölümündən söz açırdı, Uralın Asbest şəhərindən öldürülmüş bir neçə döyüşçünün adını çəkirdi.

***Buna da bax: ABŞ Moskva üzərinə Suriyaya görə yeni sanksiyalar elan edəcək

Fevralın 7-də bir qrup rusiyalı muzdlu döyüşçü tank və artilleriyanın köməyilə Suriyada ABŞ-ın dəstəklədiyi qüvvələrin nəzarətində olan əraziyə hücum edib. ABŞ koalisiyasının endirdiyi cavab zərbələrinin onlarla rusiyalı döyüşçünü öldürdüyü bildirilirdi.

Bəzi media orqanları 200-dən çox rusiyalı muzdlunun öldürüldüyünü yazsa da, Rusiya hökuməti bu ölü sayını təsdiqləmədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG