Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Azərbaycan 'musiqini yenə özü sifariş edir'


Şəffaflıq, karikatura
Şəffaflıq, karikatura

“Eurasianet.org” portalında Avrasiyadakı siyasi proseslər üzrə təhlilçi Rebeka Foley ötən ilin martında Azərbaycanın, daha sonra isə Vaşinqtonun Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EITI) çıxmasından yazır.

2002-ci ildə Osloda əsası qoyulmuş EITI-nin fəlsəfəsi odur ki, təbii resurslar, adətən, yanlış idarə olunur və daha böyük hesabatlılıqdan ötrü daha böyük şəffaflıq gərəkdir. Təşəbbüsün tərəfdarları quruma üzvlüyün investor cəlb etdiyini bildirirlər.

***Buna da bax: AYİB-in Azərbaycana 500 milyon dollar ayırmasından narazılar var

AZƏRBAYCANIN MÖVQEYİ ƏSASLANDIRILDI

Müəllif bu təşəbbüsün hədəflərindən birinin – vətəndaş cəmiyyətinin gücləndirilməsinin, özəlliklə, Azərbaycanda çətin olduğunu vurğulayır. 2009-cu ildə EITI-nin tamhüquqlu üzvü kimi alqışlanan Bakı tezliklə şəffaflıq tərəfdarları üçün başağrısna çevrilir. Ölkə prezidentinin biznesini ortaya çıxaran jurnalistlər və insan haqları fəalları təzyiqlərə məruz qalır.

EITI 2017-ci ilin martında Azərbaycanın üzvlüyünü dayandırınca Bakı qurumdan tamamilə çıxır. Çoxları bunun Azərbaycanın investisiya mühitinə zərbə vuracağını desə də, müəllif onların yanlış düşündüyünü yazır. Altı ay sonra, oktyabrda Avropa Yenidənqurma və İnkişaf Bankı Cənubi Qaz Dəhlizi layihəsinə 500 milyon dollar ayırdı.

Ötən ilin noyabrında isə Dövlət Departamentinin EITI standartının icrasını dayandırması “şəffaflığın təbliğilə bağlı qarışıq siqnallar göndərmiş oldu. Əslində, Vaşinqtonun da təşəbbüsdən çıxması Azərbaycanın mövqeyini əsaslandırdı”, – müəllif yazır.

Vaşinqtonun addımı resurslarla zəngin ölkələrdə şəffaflığın vacibliyi barədə çox mənfi siqnal verdi. Bu, bəzi aparıcı iqtisadiyyatlarda normalara əsaslanmayan biznes mühitinin narahatlıq yaradan təzahürüdür”, – Avrasiyada siyasi risk üzrə ekspert Kate Mallinson portala deyib.

Müəllif Amerikada enerji sektorunun daha çox özəl əllərdə olmasına baxmayaraq, bu sənayenin siyasətə və qanunvericiliyə böyük təsir göstərdiyini yazır. Dekabrda Konqres 2010-cu ildə qəbul olunmuş qanunun bir əlavəsini ləğv elədi. Daha neft-qaz şirkətlərindən mədən sənayesi layihələrinin icrası zamanı yerli və xarici hökumətlərə ödənişlərini açıqlamaq tələb olunmayacaq.

***Buna da bax: Pulyuyan maşın qalmaqalı: Kimdir Rasim A.?

“QƏRARLARI TƏMİN EDİBLƏR”

Məqalədə qeyd olunur ki, Vaşinqtonsuz belə, Bakı Avropada sığortasını təmin etmişdi. “Azərbaycanın pulyuyan maşını – azı 2,9 milyard dolların AB rəsmilərinə rüşvət verilməkdən ötrü saxta şirkətlər vasitəsiylə yuyulması, ekspertlərin fikrincə, Bakının Avropa siyasətçilərinə təsirinin miqyasını göstərir”, – müəllif yazır.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri bu iddiaları qəbul etmirlər.

EITI-nin yaradılmasında iştirak etmiş, Global Witness antikorrupsiya təşkilatının direktoru olan Simon Taylor-un fikrincə, Azərbaycan rəsmiləri artıq “özləri üçün ən yüksək məqamlarda əlverişli qərarları təmin ediblər”.

Bu, antiliberal, resurslarla zəngin hökumətlərin hələ də musiqini sifariş etdiyini göstərir”, – Mallinson-un sözləridir.

Ancaq Trump administrasiyasının şəffaflıqla bağlı qarışıq siqnallar göndərməsinə baxmayaraq, “digər ölkələr boşluğu doldura bilərlər. Trump prezident seçiləndən EITI yeni güclü şəffaflıq tədbirləri qəbul edib. Fikrimcə, bu, şəffaflıq hərəkatının ABŞ rəhbərliyindən asılı olmadığını göstərir”, – bunu isə Los Ancelesdəki Kaliforniya Universitetindən (UCLA) resursların idarəçiliyi üzrə professoru Michael Ross deyib.

***Buna da bax: Asim Mollazadə: 'Avropa Şurası Azərbaycana çox vacibdir'

Xatırlatma

Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) prosesinə 2003-cü ildə qoşulub. Azərbaycanın statusu 2015-ci ilin aprelində tamhüquqlu üzvlükdən namizədə qədər azaldıb.

Qurum qərarını vətəndaş cəmiyyətinə basqılarla əlaqələndirərək, durumun yaxşılaşdırılmasının zəruriliyini bəyan edib. 2016-cı ildə EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərini yenidən qiymətləndirib və ölkəni namizəd statusunda saxlayıb.

Həmin qərarla İdarə Heyəti hökumətə növbəti iclasa qədər islahedici tədbirlər planı təqdim etmişdi. EITI-nin beynəlxalq İdarə Heyətinin ötən il martın 8-də Kolumbiyanın Boqota şəhərində keçirilən növbəti kollegiya iclasında Azərbaycan tərəfi qurumdan çıxması barədə bəyanat verib. Buna Azərbaycanın qurumda üzvlüyünün dayandırılması səbəb olmuşdu. EITI idarə heyəti islahedici tədbirlərin görülmədiyi qənaətinə gələrək bu addımı atmışdı.

Bundan bir ay sonra, aprelin 5-də isə Azərbaycan prezidenti “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı.

Fərmana əsasən, Azərbaycanın hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradıldı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG