ABŞ prokurorlarının Türkiyə Halkbankı rəhbərinə 20 illik cəza istəməsi pislənilir. Bu bəyanatla Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın sözçüsü çıxış edib.
Halkbank rəhbəri Hakan Atilla yanvarda İrana Vaşinqtonun sanksiyalarından yayınmağa kömək etməkdə təqsirli bilinib. ABŞ prokurorları bu günlərdə ona həbs cəzası tələb ediblər.
“Bu qərarı kəskinliklə pisləyir və rədd edirik, bu, böyük ədalətsizlikdir”, – Ibrahim Kalin aprelin 5-də İstanbulda mətbuat konfransında deyib.
“Hakan Atilla işi hüquqi qalmaqaldır”, – Kalin söyləyib.
***Buna da bax: Erdogan özünə qarşı “siyasi sui-qəsd cəhdi”ndən danışır
Bu ilin əvvəlində Erdogan bu işi Türkiyədə “yeni çevrilişə cəhd” adlandırıb. Çünki məhkəmədə iki şahid Türkiyənin aparıcı rəsmilərinin, elə Erdogan-ın özünün də İrana yardım mexanizmində iştirak etməsi barədə ifadə verib. Həmin mexanizm çərçivəsində İranın neft gəlirlərinin qlobal maliyyə çərçivəsində yuyulduğu, bununla da ABŞ sanksiyalarının pozulduğu iddia olunur.
ZARRAB-A YENİ İTTİHAMLAR
İttihamnaməyə görə, 47 yaşlı Atilla türkiyəli-iranlı qızıl taciri Reza Zarrab-la əlbir olaraq 2010-2015-ci illərdə İranın sanksiyalardan yayınmasına kömək edib.
Aprelin 11-də hakim Richard Berman-ın Menhetten ştatında Atilla-ya hökm oxuyacağı gözlənir.
Ötən həftə Atilla-nın vəkilləri məhkəmədə vəsatət qaldıraraq hökmün yumşaldılmasını istəyiblər. Onlar bu işdə “iqtisadi cinayətlər”in olmadığını, “heç kəsin” maliyyə itkisi yaşamadığını bildiriblər.
Vəkillərin deməsinə görə, uzunmüddətli cəza kəsilərsə, artıq bir ildir ABŞ-da saxlanmış Atilla-nın həyat yoldaşı və yeganə oğlundan uzun müddətə 8 min kilometrdən artıq məsafədə qalmasına səbəb olar.
***Buna da bax: İran sanksiyaları işindəki şahidin ailəsinin həbsinə çalışırlar
Bu işdə 9 təqsirləndirilən var, ancaq onların çoxu Türkiyədə yaşayır və azadlıqdadır.
Zarrab təqsirini etiraf edərək işdən şahidə çevrilib və cəzasının yumşalması əvəzində müstəntiqlərlə əməkdaşlığa razılaşıb.
Ancaq aprelin 5-də prokurorlar ona yeni ittihamlar irəli sürüblər. Zarrab-ın vəkilinin həbsxana mühafizəçisinə 45 min dollar təklif edərək müştərisinə mobil telefon və alkoqol verilməsinə çalışdığı iddia olunur.