Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Mueller: Trump Rusiya istintaqının “hədəfi” deyil


Robert Mueller (solda) və Donald Trump
Robert Mueller (solda) və Donald Trump

ABŞ-ın xüsusi prokuroru Robert Mueller prezident Donald Trump-ın “Rusiya istintaqı”nı əngəlləməyə çalışıb-çalışmamasını araşdırır, ancaq hazırda prezident istintaqın “hədəfi” deyil. Medianın yazmasına görə, Mueller bunu Trump-ın vəkillərinə bildirib.

Xüsusi prokuror Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsini, Rusiyayla Trump-ın seçki kampaniyasının mümkün əlbirliyini araşdırır.

“SUBYEKT”

“The Washington Post” və “Associated Press” aprelin 4-də “müzakirəylə tanış adamlar”a istinadla yazıblar ki, Mueller Trump-ın hüquq komandasıyla danışıb, onlara deyib ki, hazırda prezidenti “hədəf” kimi nəzərdən keçirmir. Bu da o deməkdir ki, hazırda prezident ittihamlar irəli sürülə biləcək şəxslər siyahısında deyil.

*** Buna da bax: Trump-ın keçmiş kampaniya rəhbərinə bağlı vəkil 30 günlüyə həbs edilib

Amma xəbər orqanları onu da yazıblar ki, Trump Mueller-in təhqiqatının “subyekti” kimi qalmaqdadır. Onun Rusiya istintaqını əngəlləməyə çalışması ehtimalı da araşdırılır.

“Subyekt” davranışı təhqiqatçılara maraqlı şəxsdir, ancaq prokurorlar ona ittihamlar irəli sürməkdən ötrü yetərincə dəlil toplamalarından əmin deyillər.

Həm Post, həm də AP yazırlar ki, Trump-ın statusu istənilən vaxt dəyişə bilər, bu, təhqiqatçıların yetərli sübutu toplamasından asılıdır.

Mueller “Trump-ın vəkillərinə onu da deyib ki, prezidentin vəzifədə ikən hərəkətləri, istintaqa mümkün əngəl törətməsiylə bağlı da məruzə hazırlayır”. Bunu The Post yazıb.

Qəzetin yazmasına görə, Mueller Trump-dan müsahibə almaq, “onun Rusiya istintaqını dayandırmaq kimi pis niyyətinin olub-olmamasını anlamaq” istəyir.

İKİ MƏQAM

AP yazıb ki, Mueller-in təhqiqatçıları Trump-ı prezidentliyin ilk dövründə iki hadisəylə bağlı dindirmək istəyirlər: onun Federal Təhqiqat Bürosunun (FBI) keçmiş direktoru James Comey-i və keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-i işdən çıxarmasıyla əlaqədar.

*** Buna da bax: Sessions indilik ikinci xüsusi prokuror təyin etməyəcək

Təhqiqatçlar mediaya söyləyiblər ki, Trump-ın Comey ilə nədən danışmasını eşitmək istəyirlər. FBI direktorunun iddiasına görə, prezident onun Flynn-in Rusiyayla kontaktlarının araşdırılmasına son verməsini istəyib. Onlar Flynn-in Ağ evdə cəmi bir ay qalandan sonra, 2017-ci ilin fevralında işdən çıxarılmasına nəyin səbəb olduğunu da bilmək istəyirlər.

“The Post” yazır ki, Mueller-in Trump-ın istintaqın “hədəfi” olmamasıyla bağlı dedikləri bir fənd də ola bilər, ola bilsin, xüsusi prokuror prezidenti müqəssirlik hissi keçirmədən dindirilməyə getməyə həvəsləndirə bilər.

Trump Mueller-in komandasıyla danışmaq istədiyini deyib, ancaq medianın iddiasına görə, vəkilləri onu fikrindən daşındırmağa çalışıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG