Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:05

7 illik həbs edilən bələdiyyə sədrinə daha 8 il cəza tələb olundu


Bakı Ağır Cinayətlər Məhkəməsi

Abşeron rayonu, Məhəmmədi kəndinin keçmiş bələdiyyə sədri Vaqif Nəbiyev bir ay öncə Bakı Ağır Cinayətlər Məhkəməsində həbs edilmiş, ona 7 il iş kəsilmişdi. Aprelin 2-də yenə həmin məhkəmədə sabiq bələdiyyə sədrinə daha 8 il azadlıqdan məhrum etmə cəzası istənilib.

V.Nəbiyev haqqında ikinci cinayət işi üzrə də məhkəmə istintaqı yekunlaşıb. Əvvəlki işdə olduğu kimi, yenə də CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə suçlanan sabiq bələdiyyə sədrinin məhkəməsində prokuror çıxış edib. Bildirib ki, onun vətəndaşları aldadıb, onların pulunu ələ keçirməsi sübuta yetirilib. Dövlət ittihamçısı çıxışının sonunda təqsirləndirilən V.Nəbiyevə 8 il həbs cəzası verilməsini təklif edib.

Qaydaya görə, prokurordan sonra təqsirləndirilən şəxsin vəkili çıxış etməlidir, özü son sözünü deməlidir. Bu işdə isə bütün bunlar qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Çünki keçmiş bələdiyyə sədri haqqında çıxarılmış 7 illik hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi o şikayətə baxıb qərar verəndən sonra digər iş üzrə məhkəmə davam etdiriləcək.

İttihama görə, V.Nəbiyev bələdiyyə sədri olarkən adamlardan torpaq ərazisi satmaq adı ilə pullarını alıb. Amma nə torpaq satılıb, nə də verilən pullar geri qaytarılıb.

Zərərçəkmişlər arasında 5 min-15 min manat verənlər var. Amma ən böyük məbləğ Ülviyyə Abdalovadadır. V.Nəbiyev elə Abdalovanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub. Ü.Abdalova Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayətində yazıb ki, bələdiyyə sədri ondan 353 min manat pul alıb və qaytarmayıb. Bundan sonra Nəbiyev həbs edilsə də, sonradan qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb. Amma 7 illik cəza hökmündən sonra məhkəmə zalında həbs edilib.

İkinci cinayət işinə gəlincə, V.Nəbiyevin haqqındakı birinci işin istintaqı tamamlanıb məhkəməyə göndəriləndən sonra yeni şikayətçilər meydana çıxıb. Onların şikayəti əsasında daha bir iş başlanıb.

Sabiq bələdiyyə sədri özünü təqsirli bilmir. İş üzrə zərərçəkmiş qismində tanınanların bir neçəsindən pul aldığını təsdiqləsə də, dələduzluq etmədiyini, borc aldığını və qaytaracağını söyləyib. İstintaq və məhkəmə dövründə zərərçəkmişlərin bəzilərinin pulları qaytarılıb, bundan sonra onlar Nəbiyevdən şikayətçi olmadıqlarını bildiriblər.

Multimedia

XS
SM
MD
LG