Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 12:12

Həbsdə olan jurnalistin səhhətində problemlər yaranıb


Əziz Orucov

«Kanal 13» internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun səhhətində ciddi problem yarandığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

Həyat yoldaşının deməsinə görə, 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan Ə.Orucovun böyrəyində problem yaranıb. Ağrılar artmaqla yanaşı, bu, həm də tez-tez təzyiqinin qalxmasına səbəb olur: «Bu azmış kimi, ürəyində də problemlər yaranıb. Sol qolunda keyimələr olduğunu, döş qəfəsində kəskin küt ağrıların artdığını dedi. Xahiş etdi ki, növbəti görüşdə ona lazımı dərmanları aparım».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, Ə.Orucov saxlandığı müəssisənin tibb-sanitariya hissəsindəki həkimə müraciət edib: «Ürəyindən narahat olduğunu deyib və kardioqrama çıxarılmasını istəyib. Ürəyinin kardioqraması çıxarılıb və heç bir problem aşkarlanmayıb».

Xatırlatma

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Ə.Orucov ittihamların saxta, özünün də təqsirsiz olduğunu deyir. Jurnalistin Almaniyada mühacir həyatı yaşayan qardaşı Anar Orucov deyir ki, onun tənqidçi fəaliyyətinə, hökumətə qarşı etiraz aksiyalarında iştirakına görə Əzizi cəzalandırıblar.

Ancaq rəsmilər ölkədə kimsənin qohumlarına və ya peşə fəaliyyətinə görə cəzalandırılmadığını, ölkədə bütün fundamental azadlıqların qorunduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG