Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:05

İranla münasibətlərdə itki və qazanc-Media icmalı


'Prezident probleml krediti olanlara yardım etsin'
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

'Prezident probleml krediti olanlara yardım etsin'

İran prezidentinin Azərbaycana səfəri kontekstində iki ölkə arasında münasibətlər, problemli kreditlərin müzakirəsinin yenidən aktuallaşması və başqa bu kimi məsələlər medianın aparıcı mövzularındandır...

«Problemli kreditlər seçkilərə qədər həll edilməsə...»

«Novoye Vremya» qəzetində «Devalvasiyaya görə kim cavab verəcək?» sualı gündəmə daşınır.

Yazıda 2015-ci ildə baş verən devalvasiyalardan sonra aktuallaşan problemli kreditlər məsələsi ekspert Əkrəm Həsənovla təhlil edilib.

Müəllif iddia edib ki, Azərbaycanda seçkiöncəsi ictimaiyyətin diqqəti bir daha banklara xarici valyuta ilə olan borclara yönəlib: «Deputatlar, ekspertlər, bəzi hallarda banklar özləri bu məsələni «üçtərəfli» (vətəndaş-bank-hökumət) şəkildə çözmək yolunu təklif edirlər. Amma neçə illərdir danışılsa da, problemin həllində irəliləyiş yoxdur. Ekspertlərə görə, problem seçkilərə kimi həllini tapmalıdır. Əks halda, bundan sonra müsbət nəticə əldə olunmasına ümid belə etmək olmaz».

Yazıda vurğulanır ki, məsələnin «üçtərəfli» həllində borc vətəndaşın, bankın və hökumətin arasında bölüşdürülməlidir. Müəllifin fikrincə, amma davranışlardan belə görünür ki, bu həll yolu bir kənara qoyulub.

Ekspert Ə.Həsənov bu məsələnin yenidən gündəmə gəlməsini qarşıdan gələn növbədənkənar prezident seçkiləri ilə izah edib: «Buraya əhalinin Novruz bayramı, müsəlman Şərqində ilk parlamentli respublikanın yaradılmasının 100 illiyi ilə bağlı gözləntiləri də daxildir. Amma buna əminəm ki, bu məsələ aprelin 11-nə (prezident seçkisi günü) kimi həll edilməsə, sonra çətin ki, həllini tapsın».

Ə.Həsənov deyib ki, burada müzakirə sırf vətəndaşların götürdükləri kreditlərdən gedir.

Ekspert vurğulayıb ki, bu kreditlər 5-10 min dollardan yuxarı olmayıb. Ümumilikdə isə ölkədə problemli kreditlərin 1.7 milyard manat civarında olduğu bildirilir.

Azərbaycan-İran sərhədi
Azərbaycan-İran sərhədi

«Azərbaycan-İran ticarət dövriyyəsində geriləmə var»

Azadliq.info saytında «İlham Əliyev İranla ticarətdəki 77 faizlik geriləməni inkişaf kimi təqdim etdi» sərlövhəli yazı oxumaq olar.

Yazıda İran prezident Həsən Ruhaninin bu günlər Azərbaycana səfəri kontekstində iki ölkə arasında münasibətlər dəyərləndirilib. Müəllif iddia edib ki, rəsmi bəyanatlara baxmayaraq, tərəflər arasında iqtisadi inkişafdan danışmaq düzgün deyil:

«İlham Əliyev elan etdi ki, son 4 ildə Həsən Ruhani ilə aralarında keçirilən görüşlər zamanı bir çox önəmli sənədlər imzalanıb. Həmin sənədlər hər iki ölkə arasında əlaqələrin inkişafına böyük təkan verib…

Doğrudan da, Azərbaycan-İran əlaqələrinə son 4 ildə böyük təkan olub, amma bu təkan ölkəmizi iqtisadi cəhətdən çox geri atıb. Azərbaycandan İrana mal ixrac dövriyyəsi son 4 ildə 77 faiz azalıb. Əgər 4 il əvvəl qonşu ölkəyə il ərzində 73 milyon dollarlıq mal sata bilmişdiksə, 2017-ci ildə satış həcmi 16.8 milyon dollara düşüb. İran isə Azərbaycana mal satışını bu dövrdə 15.7 faiz artıra bilib».

Yazıda bildirilir ki, hər iki ölkə arasında ümumi ticarət dövriyyəsi qeyd edilən dövrdə 8.5 faiz düşüb.

Müəllif hesab edir ki, son illər Azərbaycan vətəndaşları müalicə məqsədilə İrana axın ediblər. Yazıda vurğulanır ki, həmin insanlar İranda mehmanxanalara, nəqliyyata, ərzağa xeyli pul xərcləyirlər: «Əgər bu və bu kimi digər xərcləmələri də nəzərə alsaq, o zaman Azərbaycan-İran arasındakı iqtisadi əlaqələrdən itkilərimizin daha böyük olması anlaşılır».

İ.Əliyev və H.Ruhani
İ.Əliyev və H.Ruhani

Xəzərdə əməkdaşlıq...

«Azərbaycan» qəzetində dərc edilən «Azərbaycan və İran Xəzərdə tarixi razılaşmalara imza atdılar» sərlövhəli yazıda Həsən Ruhaninin səfəri fonunda iki ölkə arasında əlaqələr fərqli şəkildə dəyərləndirilir.

«Azərbaycan» qəzetinin yazarına görə, bu səfər ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanması deməkdir.

Müəllif vurğulayıb ki, güclü siyasi əlaqələrə, möhkəm tarixi və mədəni köklərə əsaslanan İran-Azərbaycan münasibətləri həm region, həm də dünyadan ötrü müsbət qonşuluq nümunəsidir: «Xalqlarımızı bir-birinə tariximiz, ortaq mədəniyyətimiz, ədəbiyyatımız, musiqimiz, adət və ənənəlimiz möhkəm bağlayıb. Bu tellər üzərində dövlətlərarası münasibətlər uğurla qurulur, inamla genişlənir və sürətlə inkişaf edir».

Yazıda qeyd edilir ki, hər iki dövlət bir-birini beynəlxalq arenada, BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində dəstəkləyirlər.

Müəllif yazıb ki, son görüşdə çoxsaylı sənədlər imzalansa da, İranla Azərbaycan arasında Xəzər dənizində bəzi blokların birgə işlənilməsi haqqında anlaşma memorandumu və Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında sazişlər daha böyük əhəmiyyət kəsb edir: «Bu tarixi razılaşma nəticəsində Xəzərdə dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək. Hər iki dövlətə və xalqa fayda gətirən yeni iqtisadi nailiyyətlərə imza atılacaq. Memorandumun imzalanması həm də bütün Xəzəryanı ölkələr üçün ibrətamiz nümunədir. Mübahisəli məsələlərin asan həllini ortaya qoyan müsbət nümunədir».

XS
SM
MD
LG