Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:11

‘Exit-poll’ keçirmək istəyən 4 təşkilat MSK-ya müraciət edib


Exit-poll (arxiv fotosu)

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək məqsədi ilə 4 təşkilat Mərkəzi seçki Komissiyasına (MSK) sənədlərini təqdim edib.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən "exit-poll” keçirmək niyyətində olan təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət martın 22-ə qədər olan dövrü əhatə edib.

Buna da bax: Finkelstein iddia edir ki, 88,9 faiz seçici 'hə' deyib

MSK səsvermə gününə ən azı 10 gün qalanadək, yəni aprelin 1-dək "Exit-poll” keçirməkdən ötrü müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

APA-nın məlumatına görə, “Els" Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə exit-poll keçirmək məqsədi ilə MSK-ya müraciət edib.

Habelə, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin də Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə exit-poll keçirmək istədiyi bildirilir.

Buna da bax: ELS Müstəqil Araşdırmalar Mərkəzinin Exit-Poll keçirən əməkdaşı Anar Həşimov danışır

İlk dəfə Azərbaycanda exit-poll 2005-ci il parlament seçkilərində keçirilib. Ondan sonra bütün parlament və prezident seçkilərində exit-polların keçirildiyi açıqlanıb. Ancaq müstəqil ekspertlərin bildirməsinə görə, exit-poll keçirən təşkilatların bir qayda olaraq maliyyə mənbələrini şəffaf şəkildə açıqlamamaları tənqidlə qarşılanıb. Müxalifət partiyaları rəsmi nəticələr kimi exit-pollarda da açıqlanan rəqəmlərə etimad göstərməyiblər.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Prezident seçkilərində ümumilikdə 8 şəxsin namizədliyi qeydə alınıb. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, azad və ədalətli seçkilərə şərait yoxdur.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Multimedia

XS
SM
MD
LG