Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 08:51

AŞPA müşahidə missiyası göndərir


Viorel Badya

Avropa Şurası Parlament Assambleyası (AŞPA) aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə 43 nəfərdən ibarət müşahidə missiyası göndərməlidir.

Bu haqda AŞPA-nın yaydığı məlumatda bildirilir.

Məlumatda müşahidə missiyasının tərkibi də açıqlanıb. 43-nəfərlik missiyaya 10 nəfər əvəzedici heyət üzvləri də daxildir. Missiyaya Rumıniyadan olan deputat Viorel Badya rəhbərlik edəcək.

Müşahidə missiyasına Avropa Xalq Partiyası və Sosialistlər Qrupunun hər birindən 10 nəfər daxildir.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) da müşahidəçilər sırasına daxildir.

Missiyada Venesiya Komissiyasından Eyrik Holmoyvik də təmsil olunacaq.

AŞPA missiyanın səfər proqramını hələlik açıqlamayıb.

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində ümumilikdə 8 şəxsin namizədliyi qeydə alınıb. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Ümumilikdə 15-ə yaxın şəxs namizədliyini irəli sürmüşdü.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, azad və ədalətli seçkilərə şərait yoxdur.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG