Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

İsrail Suriyanın reaktorunu vurduğunu etiraf edir


Suriyayla sərhəddə İsrail əsgərləri
Suriyayla sərhəddə İsrail əsgərləri

İsrail ordusu 2007-ci ildə Suriyanın şübhəli nüvə reaktorunu dağıtdığını ilk dəfə olaraq etiraf edib. Ordu bildirir ki, hava zərbəsi İsrailə böyük bir hədəni aradan qaldırıb və digərlərinə də “mesaj” vermiş olub.

İsrailin martın 21-də yaydığı bu açıqlama Suriyada hərbi iştirakını gücləndirməyə çalışan qatı düşməni İrana mesaj sayılır.

“BU GÜN DƏ MESAJIMIZ BUDUR”

İsrail İranın Suriyada, özəlliklə də İsrailə yaxın ərazilərdə hərbi mövcudluğunu gücləndirməsinə qarşı çıxır. Ötən ay İran dronunun onun hava məkanına girdiyini deyərək vurub.

*** Buna da bax: Suriya İsrail təyyarəsinin vurulduğunu bildirir

2007-ci ildə nüvə reaktoruna hücumun mesajı odur ki, İsrail dövləti özünün varlığını hədələyəcək gücün oturuşmasına imkan verməyəcək”, – İsrailin baş qərargah rəisi, general leytenant Gadi Eizencot deyib.

Bu bizim 2007-ci ildə mesajımız olub, bu gün də mesajımız budur və yaxın və uzaq gələcəkdə mesajımız olaraq qalacaq”, – o, sözlərinə əlavə edib.

Son aylar İsrailin baş naziri Benjamin Netanyahu Birləşmiş Ştatlar və beynəlxalq ictimaiyyəti İrana qarşı sərt mövqe tutmağa çağırır. İran Suriya prezident Bashar al-Assad-ın müttəfiqidir. İsrailin on il öncə gerçəkləşdirilmiş zərbəni indi açıqlaması belə bir dönəmə təsadüf edir.

Netanyahu dəfələrlə xəbərdarlıq edib ki, İsrail İrana nüvə silahı hazırlamağa imkan verməyəcək – “nə indi, nə 10 ildən sonra, heç vaxt”. Eyni xəbərdarlıq Suriyada İsraili hədələyəcək raket zavodları tikilməsini, İranın Livanda dəstəklədiyi Hizballah şiə qruplaşmasına qabaqcıl silahlar verməsini də hədəfləyir.

100-DƏN ÇOX ZƏRBƏ

Suriyada yeddi ildir davam edən vətəndaş müharibəsi zamanı İsrail 100-dən çox hava zərbəsi gerçəkləşdirib. Onların çoxu Suriyada Assad qüvvələri ilə birlikdə əməliyyatlar aparan Hizballah yaraqlılarına şübhəli silah göndərişlərini hədəfə alıb.

İran hələlik, İsrailin xəbərdarlığına, Suriyada obyektə zərbə barədə açıqlamasına reaksiya verməyib.

*** Buna da bax: Suriya ordusu İsrailin Dəməşq yaxınlığına raket atdığını deyir

İsrail ordusu bəyanatla birlikdə konfidensiallığı təzəcə götürülmüş materialları da yayıb. Buraya Deir-al-Zor yaxınlığındakı səhrada Al-Kubar qurğusunun dağıdılmasını göstərən fotolar və video daxildir. Bu ərazi daha sonra İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasının əlinə keçib.

Beynəlxalq Atom Enerjisi Agentliyi ərazidə “böyük ehtimalla” nüvə reaktoru yerləşdiyini, bu haqda informasiya açıqlanmalı olduğunu bildirib.

1970-ci ildə nüvə silahlarının yayılmaması barədə sazişi imzalayan Suriya burada reaktor yerləşməsini, yaxud Dəməşqin Şimali Koreyayla nüvə əməkdaşlığı etdiyini təkzib edib. Reaktoru Suriyaya Pxenyanın verdiyi güman edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG