Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:44

YAP-da müşahidə missiyasının rəhbəri ilə görüş olub


Seçki

Baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov martın 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Müvəqqəti müşahidə missiyasının rəhbəri xanım Korin Yonkerlə görüşüb.

YAP mətbuat xidmətinin məlumatına görə, görüş partiyanın qərargahında keçirilib.

«Görüşdə Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini ifadə edib. ATƏT/DTİHB-in Müvəqqəti müşahidə missiyasının rəhbəri xanım Korin Yonker görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini qeyd edib», - məlumatda vurğulanır

Bu gün, martın 19-dan növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat başlayır. Növbədənkənar prezident seçkilərində ümumilikdə 8 şəxsin namizədliyi qeydə alınıb. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və «Cəbhəçilərin təşəbbüs qrupu»dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Ümumilikdə 15-ə yaxın şəxs namizədliyini irəli sürmüşdü.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, azad və ədalətli seçkilərə şərait yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG