Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:05

Savchenko həbs oluna bilər


Nadia Savchenko (ortada), 15 mart, 2018-ci il

Ukraynada deputat, vaxtilə Rusiyada əsirlikdə olmuş Nadia Savchenko ölkənin aparıcı rəsmilərinə qarşı ədavətli bəyanatlar səsləndirib və həbs edilə bilər.

Ukraynanın baş prokuroru Yuri Lutsenko-nun deməsinə görə, parlament üzərinə “terror” hücumunun detallı planı hazırlanıbmış.

Savchenko martın 15-də deyib ki, parlamentin spikeri Andriy Parubiy 2014-cü ildə Kiyevdə hökumətə qarşı etirazların yatırdılmasında əsas rol oynayıb. O zaman Maydan etirazları rusiyapərəst prezident Viktor Yanukovych-in devrilməsiylə nəticələnmişdi.

O, Kiyevdə Təhlükəsizlik Xidmətinin (SBU) qərargahı qarşısında jurnalistlərə bildirib ki, Lustsenko Parubiy-in snayper atəşindəki rolunu ört-basdır edib. Etirazlarda onlarla adam öldürülmüşdü.

KOMİTƏDƏN ÇIXARILIB

Savchenko bu gün şahid kimi dindirilib. Söhbət prezident Petro Poroshenko-nu və digər rəsmiləri öldürmək planında şübhəli bilinərək saxlanan şəxsə qarşı açılmış işdən gedir.

*** Buna da bax: Nadia Savchenko Ukraynada yeni hərəkat yaratdı

Verhovna Rada-nın deputatları Savchenko-nu parlamentin milli təhlükəsizlik və müdafiə komitəsindən dərhal çıxarıblar. Lutsenko parlamentdə deyib ki, Savchenko qumbaralar, minaatanlar və avtomat silahlarla hücum hazırlayıbmış.

Savchenko Ukraynanın şərqində separatçılar tərəfindən saxlanaraq Rusiyaya aparılıb və orada 22 ay həbsdə qalıb. O, Rusiyadan qayıdan kimi parlamentə üzv seçilib.

Nadia Savcheko-nun burada, bu palatada terror hücumunu necə planlaşdırması, ona görə şəxsən adam yığması və şəxsən təlimat verməsinə dair müstəntiqlərdə təkzibolunmaz dəlil var”, – deyən Lutsenko Radadan onun toxunulmazlığını almağı xahiş edib ki, həbs oluna bilsin.

Lutsenko-nun iddiasına görə, Savchenko-nun planına Rada-nın günbəzinin dağıdılması, sağ qalan deputatların isə avtomat silahla öldürülməsi daxil olub.

“MAYDAN HADİSƏLƏRİ ARAŞDIRILMAYACAQ”

Savchenko 2016-cı ilin mayında Rusiyayla əsir mübadiləsində azad olunaraq Ukraynaya milli qəhrəman kimi dönüb. Ancaq o vaxtdan ona tənqidlər səngiməyib. O, hökumətin razılığı olmadan rusiyapərəst separatçılarla danışıqlar apardığına görə tənqid olunub.

2017-ci ilin yanvarında deputatlar anti-Ukrayna hərəkətlərinə qarşı təhqiqat tələb ediblər. Onda Savchenko təklif etmişdi ki, Kiyev Donetsk və Luqansk regionlarında separatçıların nəzarətində olan əraziləri yenidən əldə etməkdən ötrü Krıma iddiasını yumşaltsın.

*** Buna da bax: Ukraynada rusiyayönlülərin evlərində axtarışlar aparılır

Savchenko martın 15-də jurnalistlərə deyib ki, Maydan hadisələri heç vaxt tam araşdırılmayacaq, çünki Yanukovych-dən sonra hakimiyyətə gələn hökumət bunun baş verməsini istəmir.

Lutsenko-nun ona qarşı ittihamının isə bu gün şahid kimi dindirildiyi işlə bağlı olub-olmadığı bəlli deyil. Bu iş üzrə şübhəli Volodymyr Ruban-dır. O, separatçılarla əsir mübadiləsi danışıqlarında əsas vasitəçi olub. O, ötən həftə saxlanıb və Poroshenko və digər aparıcı rəsmiləri öldürmək planında şübhəli bilinib. Rəsmilər Ruban-ın Ukraynanın şərqindən hökumətin nəzarətində olan əraziyə keçərkən üstündə gizlətdiyi xeyli silahın aşkarlanaraq götürüldüyünü bildirib.

XS
SM
MD
LG