Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:16

Nazirlər razılaşdıqları məsələləri açıqladılar


Nazirlərin görüşü

«Yeni yaranmış format regional əməkdaşlıqda çox vacibidir».

Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin bu gün, martın 15-i Bakıda keçirilmiş birinci dördtərəfli görüşündən sonra xarici işlər naziri Elmar Məmmədyarov belə deyib.

E.Məmmədyarov görüşdə cənubdan qərbə yeni nəqliyyat dəhlizi təklif etdiyini bildirib: «Növbəti üç il ərzində İranda 180 kilometr uzunluğunda Rəşt-Astara dəmir yolunun çəkilişi ilə bağlı razılıq əldə edilib. Bununla da cənubdan qərbə doğru yeni nəqliyyat dəhlizi fəaliyyətə başlayacaq».

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze də deyib ki, nazirlərin dördtərəfli formatda görüşü regionda əməkdaşlığın gücləndirilməsinə yeni təkan verəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da yeni formatın önəmli infrastruktur, xüsusilə nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə imkan verəcəyini deyib: «Bu format bizə ticarət dövriyyəmizi artırmağa, ölkələrimizə investisiya yatırmağa imkan verəcək. Növbəti görüşdə konkret layihələrə köklənəcəyik».

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə deyib ki, yeni nəqliyyat dəhlizi region ölkələrinin maraqlarına cavab verir. «Yeni nəqliyyat dəhlizi hər iki qitəni birləşdirməyə imkan verəcək. Yeni nəqliyyat dəhlizi ölkələrimizin və xalqlarımızın marağına uyğundur», - deyən C.Zərif vurğulayıb ki, İran güclü regiona inanır: ​«Beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti, regionda əməkdaşlığı daha da gücləndirəcək. Enerji, tranzit, turizm, sənaye və texnologiya sahələrində əməkdaşlıq bütün region ölkələrinin inkişafına töhfə verə bilər. Fars körfəzi İranı Hind okeanı və Aralıq dənizinə birləşdirir. Bununla biz region ölkələrinə daha rahat marşrut təqdim edirik».

Nazirlərin növbəti dördtərəfli görüşünün Gürcüstanda keçirilməsi qərara alınıb.

Bakı bəyannaməsi imzalanıb

Nazirlərin görüşünün yekunu olaraq Bakı bəyannaməsi imzalanıb.

Nazirlər bəyannamədə vurğulayıblar ki, regionda sülhün və sabitliyin bərpasında ortaq marağa malikdirlər, dövlətlərin ərazi bütövlüyünü tanıyırlar. Sənədə görə, görüş iştirakçıları bütün mümkün sahələrdə dördtərəfli əməkdaşlığın araşdırılması və genişləndirilməsinə razılaşıblar.

İnvestisiyaların, ticarətin təşviqindən ötrü mövcud potensialdan istifadə edilməsi və milli nəqliyyat infrastrukturunun beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiya edilməsi ilə bağlı da sənəddə razılaşma ifadə olunub.

Dörd nazir neft, təbii qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına istəklərini vurğulayıblar.

Multimedia

XS
SM
MD
LG