Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 19:27

Prezident Türkiyə baş nazirini qəbul edib [yenilənib]


İlham Əliyevin Binəli Yıldırım ilə görüşü. 14march2018

Azərbaycan prezidenti İlham Əliyev bu gün, martın 14-də Türkiyə baş naziri Binəli Yıldırım ilə görüşüb.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Türkiyənin baş naziri B.Yıldırım martın 14-də Azərbaycana gəlib. Onun dövlət başçısından başqa, azərbaycanlı həmkarı Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşü gözlənir. O, həmçinin Bakıda keçiriləcək VI Qlobal Bakı Forumuna qatılmalıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi forum martın 15-dən 18-nə qədər keçirilməlidir. Türkiyənin baş naziri forum çərçivəsində «Güc: Böyük güclər və başqaları» mövzusunda keçiriləcək paneldə çıxış etməlidir. Bu tədbirə dünyanın bir çox dövlət və hökumət rəsmiləri də qatılmalıdır.

Bakı Qlobal Forumu 2013-cü ildə təsis edilib.

* * *

“Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır”

“Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün belədir və həmişə də belə olacaq”.

Prezident İlham Əliyev martın 14-də Azərbaycana səfər edən Türkiyənin baş naziri Binəli Yıldırımla görüşündə belə deyib.

President.az saytının xəbərinə görə, İ.Əliyev iki ölkəni çox dərin əlaqələrin bağladığını bildirib.

“Biz siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir, iqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artıb, qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoyub”, – İ.Əliyev bildirib.

İ.Əliyev bu il TANAP ( Trans Anadolu Qaz Kəməri) layihəsinin istismara verilməsinin birlikdə qeyd olunacağından bəhs edib. O, birgə layihələrin iki ölkə, eləcə də Avrasiya qitəsindən ötrü böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Binəli Yıldırım da deyib ki, Türkiyə və Azərbaycan arasında münasibətlər gündən-günə daha da inkişaf edir.

O, qarşılıqlı investisiyaların, ticarətin artmasından, turizm sahəsində əməkdaşlığın inkişafından bəhs edib.

“Biz bununla kifayətlənmirik. Eyni zamanda, region ölkələrinin də inkişaf etməsi üçün Türkiyə və Azərbaycan olaraq birlikdə çalışırıq. Qafqaz regionunda Gürcüstanın, Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP, Bakı-Tbilisi-Ərzurum təbii qaz layihələri təkcə bizim ölkələri maraqlandıran layihələr deyil. Eyni zamanda, Avropanı da maraqlandıran, enerji təhlükəsizliyini təmin edən layihələrdir”.

TANAP Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsinin tərkibidir.

XS
SM
MD
LG