Slovakiyanın daxili işlər naziri Robert Kalinak istefa verdiyini deyir. Səbəb araşdırmaçı jurnalistin qətlindən sonra yaranmış siyasi gərginlikdir.
Kalinak açıqlamanı martın 12-də verib. O, koalisiyanın kiçik tərəfdaşı olan Most-Hid (Körpü) qrupunun tələblərini qəbul edib. Qrup baş nazir Robert Fico-dan tələb edirdi ki, günün sonunadək yaxın müttəfiqini vəzifədən kənarlaşdırsın.
Jurnalist Jan Kuciak və nişanlısı fevralın sonunda qətlə yetirilib. Bu iş üzrə istintaqda irəliləyiş olmadığını deyənlər küçə etirazlarına çıxıb.
*** Buna da bax: Jurnalistin qətlindən sonra siyasi böhran davam edir
Kuciak siyasi əlaqələri olan biznesmenlər və mütəşəkkil qrupların fırıldaqlarını araşdırırdı.
Tənqidçilərin fikrincə, Fico-nun Smer partiyasının yaradıcısı olan Kalinak qətllərin müstəqil araşdırılmasını təmin edə bilməyib.
Martın 9-da paytaxt Bratislavaya 50 minədək adam çıxıb, digər şəhərlərdə isə minlərlə etirazçı Fico-nun kabinetinin istefasını, Kuciak və nişanlısının qətlinin tam araşdırılmasını tələb edib.