Azərbaycanda qadınların rolu, qeyri-neft sektorunun ixrac imkanları, orta dolanışıq səviyyəsi və başqa bu kimi məsələlər medianın aparıcı mövzularındandır...
Azərbaycanda bir adama orta səviyyədə yaşamağa ayda nə qədər pul lazımdır
«Exo» qəzetində «500 manat Azərbaycanda mövcud olmaq üçün minimum məbləğdir?» sərlövhəli yazı oxumaq olar.
Müəllif ölkədə orta aylıq əməkhaqqının yetərli olub-olmamasını iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.
Yazıda bildirilir ki, Azərbaycanda əlavə gəlir yeri axtarmadan yetərli əməkhaqqı xarici şirkətlərdə, neft sektorunda və bəzi yerli qurumlarda verilir. Müəllifin fikrincə, qalan başqa sahələrdə müəyyən edilən əmək haqları qida, geyim, kommunal və tibbi xidmətlərə tam yetmir.
Yazıda vurğulanır ki, istər minimum əməkhaqqı və istərsə də pensiyalar indiki iqtisadi reallıqlara cavab vermir. «Yaşayış minimumunun, minimum əməkhaqqı və pensiyaların müəyyən edildiyi indiki meyarlar müasir tələbələrə çoxdandır ki, cavab vermir. Onlara yenidən baxılması ehtiyacı yaranıb, amma hökumət nə üçünsə bunu qeyri-müəyyən müddətə təxirə salıb», - deyə ekspert qəzetə deyib.
N.Cəfərli bildirib ki, indi bu meyarlara baxmaq hökumətə sərf etmir, çünki büdcəyə hədsiz yük olar: «Azərbaycanda az və ya çox normal yaşaya bilmək üçün gərək olunan məbləğə gəlincə, bizim müşahidələrə görə, bu, bir şəxsdən ötrü aylıq 500 manatdır».
Ekspert vurğulayıb ki, Türkiyədə 4-nəfərlik ailənin aylıq yaşayış minimumu 2500 manata bərabərdir: «Demək istəyirəm ki, bu məsələdə Azərbaycanla Türkiyə arasında kifayət qədər fərq var».
İstehsal ixracı dəstəkləmir
«Yeni Müsavat» qəzetində «Nəyi, hara və necə satırıq?» sualı gündəmə daşınır.
Müəllif qeyri-neft sektorunda ixrac-idxal problemlərini iqtisadçı-ekspert Rəşad Həsənovla təhlil edib.
Yazıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin «İxrac icmalı»nın 2018-ci il fevral sayına istinadən bildirilir ki, yanvar ayında Azərbaycandan qeyri-neft sektoru üzrə ixrac 33 faiz artıb.
Müəllif habelə, Dövlət Statistika Komitəsinə istinadən vurğulayıb ki, bu ilin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiyaya, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və Çinə ixrac olunub.
Ekspert R.Həsənov da qəzetə deyib ki, 2017-ci ildə qeyri-neft məhsullarının idxalı 8 milyard, onların ixracı isə 1.4 milyard dollar olub: «Bu isə Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər yüksək risklər formalaşdırır. Məhz bu kimi problemlərin aradan qaldırılması məqsədilə Azərbaycanda ixracın təşviqi, subsidiyalaşdırılması mexanizmləri tətbiq olunur, vahid ixrac pəncərəsi yaradılır».
R.Həsənov hesab edir ki, indi əldə olunan nəticələri bu baxımdan müsbət saymaq olar. Onun fikrincə, 30 faizlik artım istənilən halda pozitiv tendensiyadır. Amma ekspertə görə, problem ondadır ki, ötən il Azərbaycanın qeyri-neft ixracında 22 faizlik artım baş versə də, valyuta ifadəsində bu, çox kiçik rəqəm 200 milyon dollar olub.
R.Həsənov hesab edir ki, qeyri-neft ixracının hazırkı səviyyəsini qənaətbəxş saymaq olmaz: «Hazırda Azərbaycanda adambaşına düşən qeyri-neft ixracı 150 dollar təşkil edir. Strateji yol xəritələrində 2025-ci ilədək bunun adambaşına 450 dollara çatdırılması nəzərdə tutulur. Düşünmürəm ki, hazırkı şərtlər daxilində biz bu göstəriciyə nail ola bilək».
R.Həsənov buna səbəb kimi ixrac coğrafiyasının məhdud olmasını, Rusiya bazarları ilə kifayətlənməsini göstərir: «Bir tərəfdən kənd təsərrüfatı məhsullarının ixracı, digər tərəfdən də bu məhsulların idxalı da artır. Yəni mövcud istehsal ixracı dəstəkləmir».
Zəriflərin gücü...
«Azərbaycan» qəzetində «Zərif olduğu qədər də güclü» sərlövhəli yazıda 8 mart- Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarının fəaliyyəti dəyərləndirilir.
Müəllif yazıb ki, əksər sivil cəmiyyətlərdə qadını ailənin, cəmiyyətin özəyi, mayakı hesab edirlər: «Amma bu zərif insanların cəmiyyətdəki rolu bəzən birmənalı qarşılanmayıb. Kişilər nədənsə özlərini qadınlardan ağıllı, güclü və sonsuz dərəcədə bacarıqlı biliblər. Necə deyərlər, özlərini birinci, qadınları ikinci dərəcəli hesab ediblər».
Bununla belə, müəllif vurğulayıb ki, Azərbaycanda qadına daim ehtiram olub. Azərbaycan qadınları 100 illərdən bəri milli-mənəvi dəyərlərin etibarlı dayağı sayılıb: «Bir əsr bundan qabaq Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar ölkənin ictimai-siyasi həyatında da önə çəkildilər. Onlara seçki hüququ verilərək siyasi fəaliyyətləri üçün şərait yaradıldı».
Yazıda vurğulanır ki, müstəqillik bərpa edildikdən sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi: «Xüsusilə, prezident İlham Əliyevin bu sahəyə ayırdığı diqqət Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunu sürətlə artırdı, qadınlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilməyə başladı».
Yazıda bildirilir ki, 2018-ci il yanvar ayının əvvəlinə ölkə əhalisinin 50.1 faizini və ya 4 milyon 960.1 min nəfərini qadınlar tutub. Azərbaycan məşğul əhalinin 48.2 faiz qadınlardır: «Eyni zamanda, dövlət qulluğunda çalışanların 28.5, sahibkarların isə 21.5 faizini qadınlar təşkil edir».