Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:24

Birgə mitinqə icazə verilib


Milli Şuranın mitinqi (arxiv fotosu), 8 aprel 2017

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyasının birgə mitinqinə icazə verib.

Bu haqda Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi partiyasının rəyasət heyətinin üzvü İlham Hüseyn bildirib.

Onun deməsinə görə, martın 10-na təyin edilən birgə etiraz aksiyası ilə bağlı müraciətə BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov cavab verib. Cavabda BŞİH-in aksiyanın keçirilməsinə razılıq verildiyi ifadə olunub.

Buna da bax: Qüdrət Həsənquliyev deyir ki, Milli Şura indi mitinq keçirməməlidir

Milli Şura ümummilli mitinq keçirmək təşəbbüsü ilə çıxış edib. Aksiyanın təşkilatçıları Milli Şura və Müsavat Partiyasıdır.

Milli Şura REAL Hərəkatını da mitinqə dəvət etmişdi, ancaq hərəkat Müsavat Partiyasından fərqli olaraq dəvətə müsbət cavab verməmişdi.

Etiraz aksiyasının “Monarxiyaya son”, “Siyasi məhbuslara azadlıq”, “Korrupsiyaya son”, “Bahalaşmaya etiraz edirik” və başqa şüarlar altında keçirilməsi nəzərdə tutulur.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Artıq, 15-ədək şəxs namizədliyini irəli sürüb. Onlardan indiyə kimi yalnız hazırkı dövlət başçısı İ.Əliyevin namizədliyi qeydə alınıb.

Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG