Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:31

Mustafa Hacıbəyli polisdə hədələndiyini deyir


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin polisdən buraxıldığı bildirilir.

Onun Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparıldığı deyilirdi.

M.Hacıbəyli özü bildirib ki, onu 5-ci Polis Bölməsinin rəis müavini Elnur Əzizov sorğu-sual edib: ​«Əvvəlcə mitinqlə bağlı suallar verdi. Bildirdi ki, mitinqə çağırış edirsiz, bu qanunsuzdur».

Baş redaktorun deməsinə görə, cavab verib ki, mitinqlər demokratiyanın tələblərindən biridir, icazədən də ötrü icra qurumuna müraciət edilib.

M.Hacıbəylinin bildirməsinə görə, onu daha sonra başqa polislər sorğu-suala tutublar: ​«Ərazidə oğruluqlar olduğunu deyib, mənim bu barədə məlumatlı olub-olmadığımı soruşdular. Sonra yenidən rəis müavinin otağına apardılar. Orda məni oğurluqlara rəhbərlik eləməkdə ittiham etdilər, təhqirə və təhdidə başladılar. Vəkil tələb etdikdə, söyüş söydülər…».

M.Hacıbəylinin açıqlamasına görə, hədələrdən sonra onu buraxıblar.

M.Hacıbəylinin bu açıqlamasına hələlik Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

+++

Bu gün, martın 6-da günorta saatlarında Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəylinin polisə aparıldığı bildirilir.

Bu barədə məlumatı Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı da Azadlıq Radiosuna təsdiq edib.

Mustafa Hacıbəylinin Müsavatın qərargahından aparıldığı deyilir.

Ancaq partiyadan bildirildiyinə görə, onu aparanlar mülkü geyimdə olublar.

Mustafa Hacıbəylinin saxlanması ilə bağlı məlumata, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Hazırda Mustafa Hacıbəylinin telefonuna zəng çatmır. O, hələ bir neçə saat öncə polisə çağırıldığını açıqlamışdı.

Mustafa Hacıbəylinin deməsinə görə, onun evinə zəng edərək soruşublar.

“İndicə mənə də zəng vurdular, bölməyə gəlməyimi bildirdilər. Saat 2 üçün rəis gözləyir dedilər. Çağırılma səbəbini izah etmədilər” – Mustafa Hacıbəyli demişdi.

Buna da bax: Milli Şura və Müsavat birgə mitinq qərarı verib

Mustafa Hacıbəyli polis bölməsinə çağırılmasını Milli Şura və Müsavat Partiyasının “Ümumxalq mitinqi” elan etməsi ilə izah etmişdi.

Gülağa Aslanlı isə deyib ki, Mustafa Hacıbəyli deyilən vaxt polisdə olacağını açıqlamışdı.

“Amma gözləməyib, gəlib apardılar”, - G.Aslanlı vurğulayıb.

Gülağa Aslanlı: ”Şöbə sədrləri polisə çağırılıb”

İcra Aparatının rəhbərinin bildirməsinə görə, polisə çağırılan tək Mustafa Hacıbəyli deyil:

“Martın 6-sı səhərdən etibarən Müsavat Partiyası rayon təşkilatlarının sədrlərinə polis bölmələrinə gəlmələri ilə bağlı zənglər edilir”.

G.Aslanlı deyib ki, Səbail rayon polis idarəsindən partiyanın Səbail rayon təşkilatının sədri Zakir İsmayılova zəng edərək, polisə çağırıblar: “Amma Z.İsmayılov şəhərdən kənar olduğu üçün saat 16-da gələ biləcəyini söyləyib, polislər onunla razılaşıblar”.

Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?

İcra Aparatının rəhbəri deyib ki, polisdən daha bir zəng partiyanın Suraxanı rayon təşkilatını sədri Əzulla Buludova edilib.

Gülağa Aslanlı bunu Müsavat Partiyası və Milli Şuranın mitinqi öncəsi təzyiq kimi dəyərləndirib:

“Mitinqin keçirilməsilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Hələ məlum deyil ki, mitinqə icazə veriləcək, ya yox, hakimiyyət isə indidən təzyiqlərə başlayıb”.

Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası birgə aksiya keçirmək qərarına gəliblər. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müracıət edilib və aksiyada “Talana yox”, ”Monarxiyaya son” və sair şüarların səsləndiriləcəyi açıqlanıb.

Buna da bax: Cəmil Həsənli: ‘Həbslərin arxasında İlham Əliyev dayanır’

Milli Şuranın bundan öncəki aksiyaları ərəfəsində də onlarla müxalif fəalların polisə çağırıldığı bildirilirdi. Hətta bəzi fəallara polisə müqavimət ittihamı ilə sutkalıq inzibati həbslər də verilmişdi.

Müxalifət baş verənləri hakimiyyətin aksiyaların kütləvi olacağından çəkinməsi kimi izah edirdi. Hakimiyyəti müdafiə edənlər isə deyirdilər ki, müxalifət belə fikirləri səsləndirməklə aksiyalara az adamların qatılmasına “don geydirməyə” çalışır.

Xatırlatma

Dövlət başçısı İ.Əliyev fevralın 5-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam verib. Seçkilər bu il aprelin 11-nə təyin edilib.

15-ə yaxın şəxs prezidentliyə namizədliyini irəli sürüb. Onlardan indiyə kimi, yalnız hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyi qeydə alınıb.

Bəzi müxalif qüvvələr Milli Şura, Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirlər və onun boykot edilməsi ilə bağlı qərar veriblər.

Dövlət başçısı İlham Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG