Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:56

'Azərbaycanın 3-cü yer tutması təəccüb doğuran faktdır' –Media icmalı


Dünya İqtisadi Forumu
Dünya İqtisadi Forumu

Martın 5-də yerli media bölgələrdə sahibkarlığın inkişafı, iqtidar-cəmiyyət münasibətləri, iqtisadi göstəricilərlə reallıq arasındakı uyğunsuzluqdan yazır.

Reallıq və statistika tərs mütənasibliyi

«Novoye Vremya» qəzeti yazır: «İqtisadçılar yeni indeks yaratdılar: faydası varmı?».

Məqalə müəllifi makroiqtisadi göstəricilərə dair Azərbaycanın tətbiq etdiyi indekslərin reallığı əks etdirmədiyini əsaslandırmağa çalışır.O yazır ki, getdikcə Ümumi Daxili Məhsul (ÜDM) üzrə göstəricilərin yetərli olmaması üzə çıxır: «Yəni, bu göstəricilər də real iqtisadiyyatdakı bütün spektri əhatə etmir, ona görə də Ümumdünya İqtisadi Forumu (QİF) keçən ildən inklüziv inkişaf indeksi təklif edib».

Müəllifin qənaətincə, inklüziv inkişaf göstəriciləri üzrə Azərbaycanın inkişaf edən 77 ölkə arasında üçüncü yer tutması kifayət qədər təəccüb doğuran faktdır.

Məqalədə inklüziv inkişaf indeksinin 3 qrupa bölünməklə 12 göstəricini əhatə etdiyi bildirilir.

Birinci 10-luqda yer alan Azərbaycanın adambaşına düşən ÜDM indeksi reytinq göstəricilərinə görə, siyahıdakı qonşularından (Litva, Macarıstan, Latviya, Polşa və s.) çox geri qaldığı qeyd edilir.

Azərbaycanda adambaşına düşən ÜDM 5859 dollar olduğu halda, 10-cu yerdəki Rumıniyada bu məbləğ 10081 dollardır.

Müəllif yazır ki, bütün statistik «biclik»lərə baxmayaraq, bir əməkçiyə düşən ÜDM göstəricilərinə görə də Azərbaycan bu ölkələrdən çox geri qalır, bu rəqəm Azərbaycanda 33242 dollara, ikinci yerdə duran Macarıstanda isə 57179 dollara bərabərdir.

Sağlam həyat davamlılığına gəlincə, Azərbaycan bu göstəricidə Dominikandan belə geridədir (Dominikan 65.1%, Azərbaycan 64.7%).

Buna görə də müəllif 3 göstərici üzrə geri qalan Azərbaycanın üçüncü yeri necə tutmasının təəccüb və sual yaratdığını yazır.

Məqalədə deyilir ki, ÜİF iqtisadçılarının bu indeksləri tətbiq etmələrinin əsas hədəfi mövcud kursun dəyişdirilməsinin vacibliyini anlatmaqdır, «artan bərabərsizlik və gələcək nəsillərə qayğısızlıq» yaxşı heç nə vəd etmir. Yeni indekslərin hazırlanmasında məqsəd isə yalnız dövlətin istehsal gücü ilə ölçülən uğurların yalan olmasını göstərməkdir.

İ.Əliyev Takla-Sundu-Xilmilli yolunun açılışında
İ.Əliyev Takla-Sundu-Xilmilli yolunun açılışında

«Sahibkarlar bölgələrə üz tuturlar»

«Azərbaycan» qəzetinin məqaləsi belə adlanır. Məqalədə regionlarda özəl sektor üçün münbit şərait yaradıldığı, buna görə də sahibkarların tədricən bölgələrə üz tutduğu, Qobustan rayonunun nümunəsində bölgələrdə sahibkarlığın inkişaf etdiyi deyilir.

Rayon icra hakimiyyətinə istinadla 2017-ci ildə Qobustan rayonuna 8.4 milyon manat investisiya cəlb edildiyi, bu investisiyaların fərqli sahələrə yatırıldığı qeyd olunur. Məsələn, bağçılıqla bağlı sahəyə 3 fiziki şəxs tərəfindən 205 min manat investisiya qoyulduğu bildirilir: «Xilmilli kəndində 7.65 hektarda qoz, 1.36 hektarda əncir bağları salınıb, Türkiyə sortu olan 2200 qoz və 300 əncir tingi əkilib. Cəngi kəndində 7 hektarda 1500 nar və 300 zeytun tinginin əkini təmin olunub».

Ərəbqədim kəndində isə iki fiziki şəxsin 250 kvadratmetr ərazidə heyvandarlıq kompleksinin tikintisinə başladığı deyilir. Bu məqsədlə Xilmilli kəndində ərazisi 300 hektar olan 200 baş qaramal ferması, 1000 baş davarın saxlanması üçün tikili və 1000 ton tutumu olan taxılsaxlama anbarı artıq istifadəyə verildiyi, illik istehsal gücü 35 ton ət, 400 ton süd və 1 ton yun olan kompleksdə 40 nəfər çalışdığı bildirilir.

Qəzet yazır ki, bu il həmin sahəyə daha 1.8 milyon manat sərmayə qoyuluşu gözlənilir.

M.Əliyeva və İ.Əliyev
M.Əliyeva və İ.Əliyev

«Azərbaycan bu iqtidar üçün dollardır, funt sterlinqdir»

Azadliq.info-nun bu başlıqlı məqaləsində deyilir: «Azərbaycan bu iqtidar üçün pambıq tarlası, örüş yeri, istirahət ocağı, əyləncə mərkəzidir. Azərbaycan bu iqtidar üçün dollardır, funt sterlinqdir. Axı, bu «kosmopolitlər», «tolerantlar», «multikulturallar» Azadlıq, Vətən, Torpaq, Ölkə, Yurd, Millət, Xalq kimi müqəddəs möhtəşəmlikdən kənardır. Bu bir həqiqətdir ki, ölkədə Vətəndaş hüquqları olmadığı kimi hakimiyyətin məsuliyyəti də yoxdur».

Məqalə müəllifi iqtidarda ölkədə heç nəyə və heç kimə görə «məsuliyyət daşımamaq məsuliyyətsizliyi» yaranmasından danışır və son vaxtlar baş vermiş faciəvi hadisələrin bunun sübutu olduğunu bildirir.

Müəllifə görə, ən azından az maaşlılıq və işsizliyin tüğyan etdiyi ölkədə demokratiyanın təntənəsindən danışmaq hakimiyyətin siyasi baxımdan «liliputluğudur»: «Demokratiya azad seçkilərdən başlayır, demokratik idarəçilikdə cəmiyyət inkişaf baxımdan daim təzələnir, kamilləşir. Bu isə bir həqiqətdir ki, hakimiyyət 25 il müddətində Azərbaycan xalqına nə iş, nə də azadlıq verə bildi. Bu iqtidar ədalətli cəmiyyətin bünövrəsini belə qoymağı bacarmadı».

Məqalədə Azərbaycan məzmunca feodalizm dövrünü yaşadığı, ölkədə seçki hüquqsuzluğunun Azərbaycan dövlətinin siyasi sistemini darmadağın etdiyi iddia olunur.

Yazı müəllifinin qənaətincə, «ər-arvad, qohum-quda, qonşu-dostlar»dan ibarət idarəçilikdə savad ola bilməz.

«İqtidar özünü əhalinin gözündə mənasızlaşdırıb. Əgər iqtidar prezident, parlament, bələdiyyə seçkilərini xalqdan çox «uzaqlarda» keçirirsə, deməli, doğrudan da gərəksizdir. Çox illərdir ki, ölkə qanunlarsız bir dövrə qədəm qoyub, əvəzində isə ölkədə cəngəllik həyatı yaşanır», - müəllif «cəngəllik» həyatının startı və ya finişi olmadığını qeyd edir.

XS
SM
MD
LG