İki gündür ki, Gənənin büdcə təşkilatlarında çalışan işçilər işdən azad olunmaq hədəsiylə üzləşiblər. Onlardan son bir il ərzində təbii qaza görə borcları olmadığını təsdiq edən arayış tələb edilir. Noyabrın 22-də Gəncə şəhər Qaz İdarəsinin abonent şöbəsinə yığışanların da əksəriyyəti belə arayış almaq üçün gələnlər idi. Amma, onların çoxu deyir ki, vaxtlı-vaxtında qaz pulu ödəsələr belə onların adına borc yazılıb.
Məsələyə aydınlıq gətirən Gəncə şəhər Qaz İdarəsinin rəhbəri Ramiz İsmayılovun idarə və müəssisə rəhbərlərinin işçilərə qaz pulunun ödənilməsi üçün təzyiq göstərmədiyini, sadəcə, təbliğat apardıqlarını deyir. Onun sözlərinə görə, son on ay ərzində Gəncə sakinlərinin 17 milyon manat borcu yığılıb. Ötən ay isə işlədilən 500 min manatlıq qazın cəmi 137 min manatlıq haqqını toplaya biliblər. Cənab İsmayılovun sözlərinə görə, noyabr ayına qədər illik borc yığılmasa, Gəncə şəhəri qazsız qalacaq.
Helsinki Vətəndaş Assamblyesı Azərbaycan Milli Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinin eksperti Sahib Babayev isə büdcə təşkilatlarında çalışanlardan arayış tələb edilməsini qanunsuzluq sayır, onun sözlərinə görə, büdcə təşkilatı rəhbərlərinin öz işçilərinin qaz və ya işıq pulunu ödəyib-ödəməməsi məsələsinə qarışmağa ixtiyarları yoxdur.