Sumqayıt Sənaye Parkının fəaliyyəti, əhalinin qazancı, ölkəyə gələn neft pulları və ondan istifadə medianın aparıcı mövzularıdır...
«Məmurlar gəlir bəyannaməsi vermirlər»
«Exo» qəzetində «Azərbaycanda orta əməkhaqqının ödənməsi ilə bağlı əfsanə və əsatirlər» sərlövhəli yazı oxumaq olar.
Yazıda Azərbaycanda orta aylıq əməkhaqqının hesablanması və dəyəri müzakirəyə çıxarılıb.
Müəllif yazının girişində Avropanın bəzi ölkələrində orta aylıq əməkhaqqının həcmi barədə məlumat verir:
«2016-cı ildə orta aylıq əməkhaqqı Böyük Britaniyada 3 min 118 avro, Niderlandda 3 min avrodan bir qədər çox, Almaniyada 2 min 980 avro təşkil edib».
Yazıda daha sonra Azərbaycanda orta aylıq əməkhaqqının həcmi haqda statistik göstəricilər xatırladılır:
«2016-ci ilə nisbətdə 2017-ci ilin yanvar-fevral aylarında orta aylıq maaş 5.9 faiz artdıqdan sonra 499 manat olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta aylıq əməkhaqqı neft sahəsində 3007.1 manat, qeyri-neft sektorunda 440.6 manat, dövlət müəssisələrində 378.9 manat, özəl sektorda 671.5 manat olub. Beləliklə bu göstəricilərə əsasən, 2017-ci ildə ölkə üzrə orta aylıq maaş 514 manata çatıb».
Yazıda bildirilir ki, bu 514 manat avro ilə ekvivalentdə 240 avro deməkdir. Müəllif vurğulayır ki, bu məbləğin cüzi olmasına baxmayaraq, belə bir bu maaşı heç də hamı ala bilmir.
Yazıda qeyd edilir ki, ölkədə məmurların real gəlirləri isə ictimaiyyətdən gizlədilir. Müəllif vurğulayır ki, onlar gəlir bəyannaməsi vermirlər. Yazıda güman edilir ki, məmurlar heç də maaş hesabına yaşamırlar, onların öz şəxsi biznesləri var.
Norveç və Azərbaycan
Azadliq.info saytında ««Qara qızıl»la cibini ağardanlar» sərlövhəli yazı yer alır.
Yazıda Azərbaycanla Norveç arasında müqayisə aparılır.
Müəllifi hesab edir ki, Azərbaycanın dünyada sayılan ölkələr sırasında dura bilməsindən ötrü yeraltı-yerüstü sərvətləri, əlverişli coğrafi mövqeyi və münbit təbiəti var:
«Bütün bu üstünlüklər acgözlüyün, talançılığın, saxtakarlığın qarşısında aciz qaldı. Təkcə neft amilindən faydalanmaqla güclü iqtisadiyyat qurmaq, turizm sahəsini inkişaf etdirmək, Azərbaycana böyük investisiya cəlb etmək, gələcək nəsillərə sığortalı həyat qurmaq olardı, amma bütün bunlar arzu olaraq qaldı».
Müəllifə görə, neft milyardları elə talan edilib ki, indi vətəndaş 10 manat maaş artımına sevinməli olur:
«2018-ci ildir və nəticə budur ki, «qara qızıl» yalnız bir qrup adamın taleyini ağarda bildi. Milyonlarla vətəndaşa isə qara günlər hədiyyə edildi. Əslində, Azərbaycan üçün ideal bir fürsət yaranmışdı».
Yazıda vurğulanır ki, Norveç oxşar fürsətdən yararlandı və yararlanmağa davam edir. Müəllifin bildirməsinə görə, artıq Norveç Neft Fondunun aktivləri 1 trilyon dolları keçib, ötən il bu ölkədə orta əməkhaqqı 7 min dollardan çox olub.
Yazıda daha sonra Azərbaycana nəzər yetirilir:
«150 milyard dollar neft pulunun axdığı ölkənin büdcəsi 9 milyard dollardır... Son 4 ildə Azərbaycanın ümumi daxili məhsul (ÜDM) 23 milyard dollar azalıb».
Müəllif yazır ki, kiçik Norveç neft gəlirləriylə çox böyüyüb, kiçik Azərbaycan isə neft gəlirlərindən sonra daha da kiçilib:
«Beləliklə, biz nəinki neft ölkələriylə rəqabətə girə bilmədik, hətta sərvəti olmayan ölkələrdən də geri qaldıq. Norveç kimi ölkələrdə dövlət büdcəsi, bizim ölkəmizdə isə məmur büdcəsi şişdi. Bu faciəli tənəzzülün adını «analoqsuz inkişaf» qoydular».
«Qafqazda ən böyük...»
«Azərbaycan» qəzetində «Qafqazın ən böyük sənaye kompleksi» sərlövhəli yazıda Sumqayıtda qeyri-neft sənayesinin inkişafı qiymətləndirilir.
Müəllif yazıb ki, bir vaxtlar Sumqayıt Sənaye Parkı yerləşən ərazi ekoloji cəhətdən ən problemli məkanlarından biri idi. Amma bu məkanda abadlıq işləri aparılıb, sonra isə infrastruktur layihələri reallaşdırılıb:
«İndi burada Qafqazın ən böyük sənaye kompleksi olan Sumqayıt Kimya Sənaye Parkı (KSP) yerləşir. Sumqayıt Kimya Sənaye Parkı 2011-ci ildə yaradılıb. Ümumi ərazisi 506 hektar, sənaye zonası 450 hektar, sosial zona 21 hektar, məskunlaşma isə 74 faizdir. Parkın 16 rezidenti var ki, 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad olunublar».
Yazıda bildirilir ki, sənaye parkına ümumilikdə 2.7 milyard dollar sərmayə yatırılması gözlənilir. 2017-ci ilin dekabrında orada daha 4 müəssisə fəaliyyətə başlayıb, 3 müəssisənin isə təməli qoyulub: «Hazırda parkda 6 müəssisə fəaliyyət göstərir ki, onların istehsal etdiyi bir sıra məhsullar «Made in Azerbaijan» brendi ilə xaricə də ixrac olunur».
Müəllif hesab edir ki, belə müəssisələrin fəaliyyətə başlaması yerli istehsalı artıracaq və Azərbaycanın idxaldan asılılığı aradan qalxacaq.