Noyabrın 23-də Azərbaycan və Ermənistan Müdafiə nazirlərinin növbəti görüşü keçirilə bilər. Belə bir görüşün cümə axşamı Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının Brestdə keçirilən toplantısından sonra baş tuta biləcəyi bildirilir.
Rusiya informasiya agentliklərinin yazdığına görə, iki ölkənin müdafiə nazirləri arasında dialoqun davam etdirilməsinin mümkünlüyü məsələsi üç gün əvvəl MDB-nin icraçı katibi Vladimir Ruşaylo ilə Ermənistanın müdafiə naziri Serj Sarkisyanla müzakirə olunub.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən nazir Səfər Əbiyevin Bresdə keçirilən toplantıda iştirak edəcəyi bildirilsə də, onun ermənistanlı həmkarıyla görüşüb-görüşməyəcəyinin hələ məlum olmadığını bildirdilər.
İki ölkənin müdafiə nazirləri sonuncu dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə oktyabr ayında görüşüblər. Görüşdə atəşkəsin tez-tez pozulması məsələsi müzakirə olunub.