Ölkədə seçki qanunvericiliyi, manatın real məzənnəsi, prezidentin bəzi təqaüd və müavinətlərin artırılması ilə bağlı sərəncamları medianın aparıcı mövzularındandır...
Manat sabit qalıb, yoxsa ucuzlaşıb?
«Novoye Vremya» qəzetində «Uçot dərəcəsinin endirilməsi nədən xəbər verir?» sualı gündəmə daşınır.
Yazıda bir müddət öncə Mərkəzi Bankın (MB) uçot dərəcəsini aşağı salmasının səbəb və nəticələri müzakirəyə çıxarılıb.
Müəllif xatırladıb ki, MB bu yaxınlarda uçot dərəcəsini 15 faizdən 13 faizə endirib. Faiz dəhlizinin yuxarı həddi 18 faizdən 16, aşağı həddi isə 10 faizdən 8 faizə düşüb:
«Tənzimləyici uçot dərəcəsinin endirilməsi səbəbləri sırasında orta illik inflyasiyanın təkrəqəmli həddə (yəni, 9 faizə) daxil olmasını və ölkənin tədiyyə balansının yaxşılaşdırılmasını göstərir».
Yazıda vurğulanır ki, MB inflyasiyaya dair «orta illik təkrəqəmli» həddi rəsmi statistikanın bu ilin yanvar ayının göstəricilərinə istinadən qeyd edib.
Müəllif hesab edir ki, bu yalnız bir ayın göstəricisidir. Buna əsasən inflyasiyanın təkrəqəmli olacağını proqnozlaşdırmaq hələ çox tezdir.
Yazıda vurğulanır ki, bu ilin əvvəlindən bəzi mallara görə idxal gömrük rüsumları qaldırılıb. Müəllif bu üzdən bəzi malların bahalaşacağını güman edir:
«Faktiki olaraq MB-nin bu il inflyasiyanın 6-8 faiz həddində olacağı barədə proqnozu əsassızdır. Çünki bank bu proqnoza istinadən deyir ki, uçot dərəcəsinin aşağı salınması çox vacibdir. İndiki halda isə səbəb və nəticə yerləri dəyişik salınıb».
Müəllif habelə hesab edir ki, MB-nin manatın möhkəmlənməsi ilə bağlı dedikləri birmənalı qarşılana bilməz. Onun fikrincə? manat dollara nisbətdə sabit qalsa da, avro və funt-sterlinqə nisbətdə ucuzlaşıb.
«Kimə milyonlar, kimə qəpik-quruş»
Azadliq.info saytında «İki devalvasiyadan sonra yada düşməyənlər seçkiöncəsi necə yada düşdü?» sərlövhəli yazı oxumaq olar.
Yazıda dövlət başçısı İlham Əliyevin son günlər bəzi təqaüd və müavinətlərin artırması ilə bağlı sərəncamları qiymətləndirilir:
«Uzun illər yada düşməyən ölkə vətəndaşı qəfil prezidentin yuxusuna girib və ölkə başçısı təqaüdləri artıra-artıra gedir. Son günlər prezidentin sərəncamları sürət götürüb və yavaşlaya bilmir».
Müəllif hesab edir ki, dövlət başçısı bu sərəncamlarla növbədənkənar prezident seçkiləri öncəsi dövlət büdcəsi hesabına şəxsi təbliğatını aparır. Amma yazıda vurğulanır ki, bəzi kateqoriyadan olan adamların təqaüdləri cəmi 5-10 manat artırılır:
«Əzəmətli hökumətimizin 35 manat təqaüd verdiyi şagird analoqsuz qayğıdan sonra 38 manat 50 qəpik alacaq. Yaxud, 50 manat təqaüd alan tələbə artımdan sonra 55 manat alacaq. Nə hikmətdirsə, iki ölümcül devalvasiyadan sonra yada düşməyən tələbələr, şagirdlər, akademiklər növbədənkənar seçkilərin vaxtı açıqlanan kimi yada düşdülər. Amma xəsis hökumətin səxavəti yenə də qəpik-quruşdan ibarət oldu».
Müəllif iddia edir ki, reallıqda ölkədə qiymətlər 30-40 faiz bahalaşıb. Onun fikrincə, bir çox təqaüdlərin cəmi 10 faiz artırılması çox azdır.
Müəllif yazır ki, Ledi Qaqaya bir mahnıya görə milyon dollar verənlər, tələbəyə 5-10 manat artımla kifayətlənirlər:
«Vətəndaşa bundan artıq dəyər vermədiklərini etiraf edirlər. Artıq arxayındırlar ki, ölkə vətəndaşları 3-5 manata görə şükür edəcək və milyardları talan edənləri alqışlayacaq».
«Kamil qanunvericilik»
«Xalq qəzeti»ndə «Azərbaycanda demokratik seçkilər keçirmək üçün mükəmməl qanunvericilik bazası və zəngin təcrübə var» sərlövhəli yazı dərc edilib.
Yazının müəllifi deputat Cavanşir Paşazadədir. Deputat yazır ki, müstəqil Azərbaycan inkişaf məqsədi ilə demokratiya yolunu seçib:
«Müstəqillik dövründə ölkədə qəbul olunmuş bütün qanunlar Avropanın müvafiq təşkilatlarından, əsasən Avropa Şurasından və onun ayrı-ayrı qurumlarından rəy alıb. Bu rəylər, demək olar ki, həmişə müsbət olub. Çünki qanunlarımız, o cümlədən Seçki Məcəlləsi də yeniləşib və Qərb qanunvericiliyinə uyğunlaşdırılıb».
Yazıda bəzi Qərb institutlarının Azərbaycanda seçkiləri tənqid etmələrinə də toxunulur. Müəllif bunu «ikili standart», «qərəzli münasibət» sayır.
Müəllif iddia edir ki, hələ Azərbaycanda Heydər Əliyevin hakimiyyəti dövründən azad, şəffaf və demokratik seçkilər keçirilib.
Hazırda da ölkədə azad və ədalətli seçkilərdən ötrü bütün imkanların olduğunu bildirən müəllif bunu hakimiyyətin siyasi iradəsi sayır: «Dövlət başçısı seçkilərdə qanun-qaydalara əməl edilməsi, eləcə də səsvermə prosesində şəffaflığın təmin edilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında həmişə ciddi vəzifələr qoyur».
Müəllif iddia edir ki, məntəqələrdə müşahidə kameralarının quraşdırılması və barmaqların şəffaf mürəkkəblə rənglənməsi texnologiyasının tətbiqi seçkilərdə saxtakarlığın qarşısını almağa xidmət edir.
Yazıda qarşıdan gələn prezident seçkilərinin azad və ədalətli keçiriləcəyinə əminlik ifadə edilir.