Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:08

Yeddi seks partnyoru 'sonsuzluğa aparır' - Nazirdən xəbərdarlıq


Cütlük
Cütlük

«Ehtiyatlı olun, uşaq dünyaya gətirməzdən öncə həddindən çox kişi partnyorla olmayın, yoxsa uşaq doğa bilməyəcəksiniz!». Rusiya regionlarından birinin səhiyyə naziri qadınlara belə xəbərdarlıq edib.

«Əgər qadının ilk uşağını dünyaya gətirməzdən əvvəl yeddi kişisi olubsa, bu o deməkdir ki, o, 100 faiz sonsuz olacaq», – deyə Çuvaşiyanın səhiyyə naziri Vladimir Viktorov fevralın 19-da keçirilən, region rəhbəri Mixail İqnatyev və digər rəsmilərin də qatıldığı konfransda bəyan edib.

«Bu faktdır»

48 yaşlı Viktorovun ixtisası diş həkimidir. O, stomatologiya üzrə tibb elmləri namizədidir. 2015-ci ildə ona «Əməkdar stomatoloq» fəxri adı verilib və o, Rusiya Stomatologiya Assosiasiyası Şurasının prezidiumuna seçilib. Viktorov 2017-ci ilin martında Moskvadan təqribən 700 kilometr şərqdə yerləşən bu Volqaboyu respublikanın səhiyyə naziri təyin edilib.

***Buna da bax-Alimlər: Antidepressantlar işə yarayır

Onun bu çıxışının audioyazısını «Pravdapfo» adlı yerli xəbər portalı və «Dozhd TV» yayıb. Çıxış sosial mediada qızğın müzakirələrə səbəb olub. Regionun baş terapevti çıxışda səsləndirilən fikirləri müdafiə edib.

Audioyazıda auditoriyanın (konfransın 200 nəfərə yaxın iştirakçısı olub) Viktorovun iddiasına ucadan reaksiya verməsi eşidilir. Özü iki övlad atası olan Viktorovsa buna cavab olaraq belə deyir: «Bu informasiya faktdır. Maraqlı mövzudur, elə deyilmi? İndi hər kəs müayinədən keçir. Özünüz düşünün».

Viktorovun Çuvaşiya regionunun ikinci ən böyük şəhəri olan Novoçeboksarskda ötən ilin yekunlarına həsr olunmuş yığıncaqda dedikləri rusdilli sosial mediada qəzəb və lağ obyektinə çevrilib. Bəzi istifadəçilər hətta onun həqiqətən də tibbi biliklərə malik olub-olmadığını sorğulayıblar.

***Buna da bax-'Azərbaycan tibb sahəsində 100 il geri qalıb' [video]

Ancaq Çuvaşiyanın Səhiyyə Nazirliyi fevralın 20-də regionun baş terapevtinin adından xüsusi bəyanat yayaraq, V.Viktorovu müdafiə edib. Bəyanatda cinsi yolla keçən bəzi xəstəliklərin qadının reproduktiv sisteminə təhlükələrdən söz açılır.

Çuvaşiya regionunun baş terapevti Sergey Milayev hesab edir ki, hətta az sayda cinsi partnyorun olması və onların tez-tez dəyişdirilməsi sonsuzluğa yol aça bilər.

İsmət dərsi

«Ona görə də sizə bədəninizlə bəxt oyunu oynamamağı məsləhət görürük. Bəxtiniz gətirməyə bilər. Valideyn kimi əsas vəzifəmiz övladlarımıza ismət dərsi keçməkdir. İsmət sağlamlığın, o cümlədən reproduktiv sağlamlığın ən etibarlı qarantiyasıdır. Çünki istənilən xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır», – Milayevin bəyanatında deyilir.

Bundan öncə də Rusiyada tanınmış səhiyyə və sosial müdafiə rəsmiləri insanların cinsi həyatına dair ziddiyyətli iddialar səsləndiriblər.

2013-cü ildə Rusiyanın uşaq hüquqları komissarı Anna Kuznetsova bir müsahibəsində abortları və teleqoniyanı müzakirə edib. Kuznetsova bu müsahibədən 3 il sonra, 2016-cı ildə sərt tənqid atəşinə tutulmuşdu. Qeyd edək ki, iki əsr bundan öncə meydana çıxmış teleqoniya, yaxud «bətn yaddaşı» nəzəriyyəsi qadının övladının onun əvvəlki cinsi partnyorlarının əlamətlərini daşıdığını, qadının əvvəlki partnyorlarının hər birinin yeni dünyaya gələcək uşağa fiziki və emosional təsir edə biləcəyini iddia edir. Bu nəzəriyyənin həqiqətdən uzaq olduğu dəfələrlə sübuta yetirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG