Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:18

Alimlər: Antidepressantlar işə yarayır


Depressiya
Depressiya

Dünyada uzun zamandan bəri antidepressantların həqiqətən işə yarayıb-yaramamasına dair mübahisələr gedir. Geniş bir araşdırma üzə çıxarıb ki, antidepressant dərmanlar yetkin yaşlı insanların kəskin depressiyadan qurtulmasına kömək etməyə qadirdir.

«Reuters» yazır ki, metatəhlilə əsaslanan beynəlxalq araşdırmada 120 min pasient iştirak edib, 522 təcrübə aparılıb və 21 geniş yayılmış antidepressantdan istifadə olunub. Araşdırmada bir neçə maraqlı nəticə əldə olunub. Bəlli olub ki, bəzi dərmanlar digərlərindən daha effektivdir və bəzilərinin yan təsirləri daha azdır.

Ancaq istifadə olunan 21 dərman vasitəsinin hər birinin, o cümlədən yeni patentləşdirilmiş dərmanların təsir gücü plasebo və ya yalançı dərmanlardan daha artıqdır.

«Antidepressantlar bütün dünyada gündəlik işlədilir. Ancaq buna baxmayaraq, bu dərmanların təsir gücü və yan effektləri ilə bağlı ciddi mübahisələr mövcuddur», – tədqiqat komandasının üzvü, Stenford Universitetinin mütəxəssisi John Ioannidis deyir.

Effektivdir, amma...

Tədqiqatın rəhbəri, Britaniyanın Oksford Universitetinin professoru Andrea Cipriani-nin fikrincə, bu nəticələr həkimləri və xəstələri məlumatlandırmaqdan ötrü mövcud olan ən yaxşı dəlillərdir və depressiyadan əziyyət çəkən insanları dərmanların onlara kömək edə biləcəyinə inandırmalıdır.

«Antidepressantlar ağır depressiyanın aradan qaldırılmasında effektiv vasitə ola bilər. Ancaq bu, heç də bütün hallarda müalicə üçün ilk növbədə antidepressantların seçilməli olduğu demək deyil», – deyə Cipriani Londonda keçirilən brifinqdə vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 300 milyonadək insan depressiyadan əziyyət çəkir. Həm farmakoloji, həm də fizioloji müalicə üsulları mövcud olsa da, zəngin ölkələrdə depressiyada olan insanların yalnız 1/6-i effektiv müalicə alır. Yoxsul və orta gəlirli ölkələrə gəlincə, onlarda yalnız hər 27 xəstədən 1-i effektiv müalicə alır.

«The Lancet» tibb jurnalının dərc etdiyi araşdırma zamanı alimlər təcrübələrdə istifadə olunan 21 dərman vasitəsinin təsir gücünün fərqli olduğunu aşkarlayıblar.

Ümumən, nisbətən yeni antidepressantlar daha az yan təsirlərə malik olduğundan pasientlər onlara daha dözümlü olur. Depressiya simptomlarını aradan qaldırmaq baxımından ən effektiv dərman vasitəsininsə hələ 1950-ci illərdə kəşf edilmiş amitriptilin olduğu üzə çıxıb.

«Prozac» brendi ilə satışa çıxarılan seratonin tərkibli SSRI fluoksetin də daxil olmaqla, bəzi məşhur dərmanların bir qədər daha az effektiv, ancaq daha az yan təsirlərə malik olduğu aşkarlanıb.

Xəstələrin üçdə birini dərman sağaltmır

Alimlər qeyd ediblər ki, sözügedən tədqiqat yalnız orta səviyyəli təsirlərə fokuslana bilib. Bu baxımdan, nəticələr antidepressantların hər bir xəstədə effektiv olması iddiası kimi qəbul edilməməlidir. Cipriani-nin sözlərinə görə, antidepressant dərmanlar təyin olunmuş insanların yalnız 60 faizə qədərində yaxşılaşma hiss olunur.

«Təəssüf ki, biz depressiyadan əziyyət çəkən xəstələrin 1/3-nin bu dərmanlardan yaxşılaşmayacağını bilirik. Aydın məsələdir ki, müalicə üsullarını daha da təkmilləşdirməyə ehtiyac var», – o deyib.

Araşdırmaya bilavasitə qatılmayan bir neçə mütəxəssis bu tədqiqatın nəticələrinin aydın mesaj verdiyini bildirib.

«Bu metatəhlil nəhayət antidepressantlarla bağlı ziddiyyətlərə son qoydu», – Britaniya Psixiatriya, Psixologiya və Nevrologiya İnstitutunun professoru Carmine Pariante deyib.

«Depressiya hər il minlərlə insanı miskin vəziyyətə salır. Bu tədqiqatsa effektiv müalicə üsullarının mövcudluğunu göstərən daha bir dəlildir», – deyə London İmperial Kollecindən psixiatr James Warner əlavə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG